Azərbaycanla İtaliya arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Xarici işlər naziri Ceyhun Bayramov İtaliyaya rəsmi səfəri çərçivəsində İtaliya Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Lorenzo Fontana ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüş zamanı Azərbaycanla İtaliya arasında ikitərəfli, çoxtərəfli əməkdaşlıq məsələləri, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub. Tərəflər mövcud çoxölçülü strateji tərəfdaşlıq münasibətlərinin inkişafında yüksəksəviyyəli təmaslar, səfərlər və dialoqla yanaşı, parlament diplomatiyasının əhəmiyyətli rolunu qeyd ediblər.

Strateji tərəfdaşlığın əsas dayaqlarından biri kimi parlament diplomatiyasının, parlament sədrlərinin və nümayəndələrinin qarşılıqlı səfərlərinin vacibliyi qeyd olunub.

Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi, enerji, ticarət, nəqliyyat, kommunikasiya və humanitar sahələrdə uğurla davam etdirilən əməkdaşlığın təqdirəlayiq olduğu bildirilib. Enerji sahəsində uzunmüddətli əməkdaşlıq, xüsusilə də Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rol xüsusi qeyd olunub. Bununla yanaşı, ikitərəfli münasibətlərdə böyük əhəmiyyətə malik Azərbaycan-İtaliya Universitetinin təsis edilməsinin strateji tərəfdaşlığa əlavə təkan verdiyi vurğulanıb.

Görüşdə nazir Ceyhun Bayramov keçmiş Ermənistan-Azərbaycan münaqişəsi, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, tarixi Vaşinqton görüşünün nəticələri, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

ƏvvəlkiAzərbaycan və Avstriya arasında parlament diplomatiyasının inkişafı müzakirə edilib
NövbətiCeyhun Bayramov İtaliya Senatının sədri ilə görüşüb