Azərbaycan nümayəndə heyəti UN-Habitat sessiyasında WUF13-ə hazırlıqla bağlı təqdimat keçirib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) milli koordinatoru Anar Quliyevin başçılıq etdiyi nümayəndə heyəti noyabrın 25-26-da Keniyanın Nayrobi şəhərində keçirilən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) İcraiyyə Şurasının 3-cü sessiyasında iştirak edib.

Azərbaycanın Keniyadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, beynəlxalq tədbir çərçivəsində nümayəndə heyətlərinə və Keniyada akkreditə olunmuş diplomatik missiyaların rəhbər şəxslərinə WUF13 ilə əlaqədar brifinq təşkil edilib. 200-dən çox nümayəndənin təmsil olunduğu tədbirdə 2026-cı il mayın 17-22-də Bakıda keçiriləcək WUF13-ün mahiyyəti, hazırlıq prosesi, təşəbbüslər, planlaşdırılan tədbirlər və fəaliyyətlər, eləcə də iştirak və əməkdaşlıq imkanları barədə ətraflı məlumat verilib.

Brifinqdə çıxış edən Anar Quliyev WUF13-ün dayanıqlı şəhər inkişafı sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, Azərbaycanın qlobal tərəfdaşlarla birgə beynəlxalq proseslərə töhfələrinin təqdim olunması baxımından əhəmiyyətini vurğulayıb. O, Forum tarixində ilk dəfə dövlət və hökumət başçılarının iştirakı ilə Liderlərin Zirvə Görüşünün keçiriləcəyini diqqətə çatdırıb.

UN-Habitatın icraçı direktoru Anaklaudia Rossbax Foruma hazırlıq prosesi ilə bağlı Azərbaycan Hökumətinə təşəkkür edib, ölkəmizin qlobal şəhər gündəliyinə sadiqliyini və nümunəvi fəaliyyətini yüksək qiymətləndirib. Bildirib ki, WUF13 bütün tərəfdaşların hər kəs üçün layiqli mənzil təmin etmək öhdəliklərini yeniləməsi üçün mühüm mərhələ olacaq.

Brifinqdən sonra mətbuat nümayəndələri ilə görüş keçirilib və WUF13-lə bağlı onları maraqlandıran suallar cavablandırılıb.

Sessiyanın gündəliyi çərçivəsində BMT-nin Məskunlaşma Assambleyasının “Hər kəs üçün münasib mənzil” qətnaməsi üzrə Hökumətlərarası İşçi Qrupunun ötən ay 2025-2026-cı illər üzrə həmsədrləri seçilən Azərbaycan və Somalinin adından Anar Quliyevin məruzəsi dinlənilib. Məruzədə həmsədrlik dövrü ərzində bu prosesin irəli aparılması planları barədə məlumat verilib.

Noyabrın 25-də WUF13-ün ev sahibi Azərbaycanın adından sessiyada iştirak edən nümayəndə heyətləri və diplomatik korpusun rəhbərləri üçün rəsmi qəbul təşkil edilib.

Həmçinin sessiya ərzində sədr Anar Quliyev digər ölkələrin nümayəndə heyətlərinin başçıları ilə müzakirələr aparıb.

İki gün ərzində UN-Habitatın mənzil-qərargahında qurulan WUF13 nümayiş stendi ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

ƏvvəlkiTürkiyə Təhlükəsizlik Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesi müzakirə edilib
NövbətiAzərbaycan və Avstriya arasında parlament diplomatiyasının inkişafı müzakirə edilib