SOCAR və “ITOCHU” neft-qaz və enerji infrastrukturu üzrə əməkdaşlığı genişləndirir

Noyabrın 25-də SOCAR-ın prezidenti Rövşən Nəcəf Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin sədri və “ITOCHU” Korporasiyasının baş əməliyyat direktoru Tetsuya Yamada ilə görüşüb.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Yaponiya arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi, aparılan səmərəli müzakirələrin münasibətlərin inkişafına təkan verdiyi qeyd olunub. Bu xüsusda, cari ilin sentyabrında Tokio şəhərində keçirilən Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci birgə iclası məmnunluqla xatırlanıb.

Söhbət zamanı SOCAR ilə “ITOCHU” Korporasiyasının birgə iştirakı ilə icra olunan layihələrə dair fikir mübadiləsi aparılıb, həmçinin enerji sektorunun müxtəlif istiqamətlərində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Tərəflər neft-qaz hasilatı və nəqli, enerji infrastrukturu, sənayedə müasir texnologiyaların tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

ƏvvəlkiPrezident İlham Əliyev Kəlbəcərin işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib
NövbətiAzərbaycanın iqtisadiyyat naziri Pakistana səfər edib