XX Bakı Caz Festivalı ABŞ musiqiçilərinin konserti ilə başa çatıb

XX Bakı Caz Festivalı amerikalı müğənni və aktrisa Şeril “Pepsiy” Reyli və “Interplay” (ABŞ) qrupunun çıxışı ilə başa çatıb. Festivalın yekun konserti Heydər Əliyev Mərkəzində keçirilib.

AZƏRTAC xəbər verir ki, konsert gecəsi musiqisevərləri, paytaxt sakinlərini və ölkə qonaqlarını, xarici diplomatları, mədəniyyət və incəsənət xadimlərini bir araya toplayıb.

Şeril “Pepsiy” Reyli 1988-ci ildə buraxılmış “Thanks for My Child” adlı hiti ilə daha çox tanınır. Müğənninin vokal üslubu qospel, R&B və soul ünsürlərini birləşdirir.

Tomaş Bura (klaviatura), Şelton Qrey (bas gitara), Nataniel Taunslinin (zərb alətləri) “Interplay” qrupu caz-fyujn janrında çıxış edir. “Interplay” enerjisi, virtuoz ifası və caz, rok və fank elementlərini harmonik şəkildə birləşdirmək bacarığı ilə tanınır.

Şeril Reyli və “Interplay” kollektivi Bakı Caz Festivalında artıq ikinci dəfə iştirak edirlər. Keçən il də amerikalı musiqiçilər festivalın bağlanış konsertini təqdim etmişdilər.

Yubiley xarakterli, iyirminci Bakı Caz Festivalı paytaxtda 24–31 oktyabr tarixlərində keçirilib. Səkkiz gün ərzində Bakıda dünyanın müxtəlif ölkələrindən ən yaxşı caz musiqiçiləri, həmçinin bir sıra azərbaycanlı ifaçılar səhnəyə çıxıblar. “Baku Jazz Festival-2025”in əsas iştirakçıları sırasında bunlar olub: K-ZIA (Almaniya), Heloisa Lourenço Band (Braziliya), Yogev Shetrit Band (İsrail), Antonio Lizana Band (İspaniya), Grzech Piotrowski Band (Polşa), Enzo Favata Band (İtaliya), Interplay (ABŞ).

AZƏRTAC-ın müxbiri ilə söhbət zamanı xarici ifaçılar festivalın bir hissəsi olmaqdan və Bakını ziyarət etməkdən məmnun olduqlarını bildiriblər. Xüsusilə, almaniyalı vokalçı K-ZIA qeyd edib ki, o, ilk dəfədir Azərbaycandadır və bundan çox həyəcanlanıb.

İtaliya kollektivinin solisti Enzo Favata vurğulayıb ki, festivalda özünü çox gözəl hiss edir, çünki azərbaycanlılar ona doğulduğu Sardiniya adasının sakinlərini xatırladırlar.

Polşa caz qrupunun lideri Qjeqoj Piotrovski isə Bakı Caz Festivalının yaradıcısı, azərbaycanlı cazmen Rain Sultanovla uzunmüddətli dostluqlarından danışıb.

Konsertlərdən birinin xüsusi qonağı Azərbaycanın Xalq artisti Alim Qasımov olub. Məşhur xanəndə “Sarı gəlin” kompozisiyasını Böyük Britaniyadan olan vokalçı Nacva Ezzaher ilə duet şəklində ifa edib.

“Bu festival çox xoşuma gəlir. İnsanlar belə tədbirlər üçün darıxırlar. Həm caz, həm muğam – bu, əsl incəsənətdir! Mən caz ifaçısı deyiləm, amma Böyük Britaniyadan olan musiqiçilərlə çox gözəl çıxış etdik. Xüsusilə vokalçının bizim “Sarı gəlin” mahnısını oxuması xoşuma gəldi, baxmayaraq ki, o, muğam ifaçısı deyil. Amma çox gözəl duet alındı”, – deyə A.Qasımov AZƏRTAC-ın müxbirinə bildirib.

Festivalın keçirildiyi məkanlarda konsertlər, sərgilər, djem-seyşnlər, film nümayişləri, master-klaslar, seminarlar, tanınmış musiqi bloqerləri və ekspertlərlə görüşlər keçirilib. “Baku Jazz Festival-2025”in zəngin proqramı nə tamaşaçıları, nə də paytaxtın ən parlaq hadisələrindən birinin iştirakçılarını biganə qoydu.

ƏvvəlkiAzərbaycan cüdoçusu Avropa çempionu olub
Növbəti“ART Weekend” çərçivəsində “Püstə: canlı irs” performansı təqdim edilib