Bazar ertəsi axşamı Kopenhagen və Oslodakı beynəlxalq hava limanları naməlum dronların uçuşu səbəbindən hava hərəkətini müvəqqəti dayandırmalı olub.
AZƏRTAC xəbər verir ki, Danimarkada 31 reysi digər hava limanlarına yönləndirilib, təxminən 100 reys isə ləğv edilib. Bu da təxminən 20 min sərnişinə təsir göstərib. Norveçdə isə Qardermuen hava limanı yalnız səhər saatlarında fəaliyyətini bərpa edib.
Dron hücumlarının arxasında kimlərin dayandığı hələ məlum deyil. Rəsmi şəxslərin sözlərinə görə, bunun arxasında təşkilatlanmış və texniki baxımdan hazırlıqlı tərəflər dayana bilər.
“Danimarkada da biz diversiya riskinə məruz qalırıq. Bəlkə də, kimsə bizə birbaşa hücum etmək istəmir, sadəcə bizi sınağa çəkmək və reaksiyamızı müşahidə etmək istəyir”, – deyə Danimarka Təhlükəsizlik Xidmətinin rəhbəri Flemminq Dreyer bildirib.
Danimarka və Norveç təhlükəsizlik xidmətləri birgə araşdırma aparır. Danimarka hakimiyyəti NOST xüsusi böhran qrupunu minimal səviyyədə aktivləşdirib.
Danimarkanın Baş naziri Mette Frederiksen hadisəni ölkənin vacib əhəmiyyətli infrastrukturuna edilən ən ciddi hücum adlandırıb. Daha sonra gecə saatlarında Ukrayna Prezidenti Volodimir Zelenski X (keçmiş “Twitter”) sosial şəbəkəsində yazıb ki, Rusiya Danimarkanın hava məkanını pozub, lakin detallar barədə məlumat verməyib. Danimarka polisi hələlik Zelenskinin açıqlamasına münasibət bildirməyib. Bu arada Norveç hökuməti 2025-ci ildə Rusiya tərəfindən üç sərhəd pozuntusu halının qeydə alındığı barədə məlumat verib.
NATO-nun Baş katibi Mark Rütte vəziyyəti Mette Frederiksen ilə müzakirə edib və bildirib ki, alyans Danimarkaya dəstək verməyə hazırdır, lakin baş verənlərdə Rusiya izinə dair nəticə çıxarmağın hələ erkən olduğunu vurğulayıb.
Dünən axşam saatlarında Norveç paytaxtında, Akerşus qalasının hərbi obyektinin qadağan edilmiş zonası üzərində dron uçduqdan sonra iki xarici vətəndaş saxlanılıb. Bu hadisələrin bir-biri ilə bağlı olub-olmadığı hələ məlum deyil. İsveçdə isə Kopenhagen reyslərinin yönləndirildiyi bölgədə hər hansı pozuntu qeydə alınmayıb.