İsrail ordusunun genişmiqyaslı hücumu ərəfəsində Qəzza şəhərindən 450 mindən çox sakin ayrılıb.
“Report”un məlumatına görə, bu rəqəmləri İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi, briqada generalı Efi Defrin brifinq zamanı açıqlayıb.
“Hazırda təxminən 450 mindən çox şəhər sakini (anklavın cənubuna – red.) təxliyə olunub”, – deyə o bildirib.
Hərbi nümayəndə qeyd edib ki, təxliyə iki dəhliz vasitəsilə həyata keçirilir, onlardan biri dəniz sahili boyunca uzanır. O həmçinin iddia edib ki, Qəzzadan dinc əhalinin təxliyyəsinə HƏMAS-ın silahlı radikalları mane olmağa çalışırlar.
Döyüş əməliyyatları başlamazdan əvvəl Qəzza şəhərinin əhalisi 1 milyon nəfər olaraq qiymətləndirilirdi.
İsrailin Baş naziri Binyamin Netanyahu sentyabrın 16-da ordunun Qəzza şəhərinə planlaşdırılmış genişmiqyaslı quru hücumuna başladığını təsdiqləyib. Hücumun məqsədi şəhər üzərində tam nəzarətin təmin edilməsi və orada qalan HƏMAS silahlı dəstələrinin məhv edilməsidir.