Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhərində olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də Gəncə şəhərində olublar.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya şəhərdə aparılan tikinti-quruculuq işləri barədə məlumat verdi.

Bildirilib ki, III MDB Oyunlarına hazırlıq çərçivəsində Gəncə şəhərində bütün aidiyyəti qurumlar səfərbər olunub, genişmiqyaslı abadlıq-quruculuq, təmir-bərpa və tikinti işləri həyata keçirilir.

Gəncə Şəhər İcra Hakimiyyəti və “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən indiyədək 120-dən çox küçənin asfalt örtüyü yenilənib, əsaslı təmir işləri görülüb. Yenidənqurma işləri şəhərdəki bir neçə parkı da əhatə edib. Bütün bunlarla yanaşı, küçələrin işıqlandırılması, şəhərin müxtəlif yerlərində yeni yaşıllıqların salınması istiqamətində bir sıra işlər görülüb.

“Bakı Abadlıq Xidməti” MMC tərəfindən şəhərin 637 yaşayış və qeyri-yaşayış binasının fasadı təmir edilib, 1159 binanın dam örtüyü və 49 küçədə, prospektdə işıqlandırma sistemləri, 62 ünvanda fasad işıqlandırılması yenilənib, 24 fəvvarədə təmir və bərpa işləri görülüb, 27 min kvadratmetr sahədə piyada yolları bərpa edilib.

ƏvvəlkiRəcəb Tayyib Ərdoğan və Vladimir Putin Ukrayna ilə bağlı aparılan sülh danışıqlarını müzakirə ediblər
NövbətiGəncə şəhərində bazalt məhsullarının istehsalı müəssisəsinin təməli qoyulub