Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Qars-İğdır-Dilucu dəmir yolunun (Naxçıvan Muxtar Respublikası ilə sərhəd – redaktorun qeydi) tikintisinin başlanma tarixini açıqlayıb.
O bildirib ki, yeni nəqliyyat layihəsinin icrasına başlanılması mərasimi avqustun 22-nə planlaşdırılıb. “Yeni yol Cənubi Qafqazda iqtisadi əməkdaşlığa mühüm töhfə verəcək, Zəngəzur dəhlizinin açılması ilə isə Pekindən Londona qədər geniş məkanda yük axınlarının səmərəliliyi artacaq”, – deyə türkiyəli nazir vurğulayıb.
Abdulkadir Uraloğlu xatırladıb ki, Türkiyə hökuməti Naxçıvanla sərhədə qədər 224 kilometrlik dəmir yolu layihəsinə 2,4 milyard avro məbləğində xarici maliyyə cəlb edib. “Yeni yol 5,5 milyon sərnişin və 15 milyon ton yük daşımaq üçün nəzərdə tutulub. Yolboyu beş tunel, 10 körpü və s. tikintisi planlaşdırılır. Bütün bunlar həm də Şərqi Anadolu iqtisadiyyatı üçün güclü stimul olacaq”, – deyə nazir diqqətə çatdırıb.