“Yay Fest 2025” gənclərin yüksək enerjisi ilə davam edir

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Yay Fest 2025”in 28 iyul-1 avqust tarixlərində baş tutan sayca dördüncü “Ədalət və Qanun” düşərgəsi ictimai fəallığı ilə seçilən 250 gənci bir araya gətirib.

AZƏRTAC xəbər verir ki, Konstitusiya və hüquqi dəyərlərin təbliği, ictimai həmrəyliyin gücləndirilməsi və gənclərin vətəndaş cəmiyyətində fəal iştirakının stimullaşdırılması məqsədi daşıyan düşərgə dinamik və dolğun proqramla yadda qalıb.

Düşərgə müddətində iştirakçılar peşəkarlar tərəfindən keçirilən “Ədliyyə sisteminə gənc baxış”, “Mənim karyeram və əmək münasibətləri”, “Hüquqi şüurun formalaşması: Gənclərin hüquq sistemində yeri və rolu”, “Ədalət duyğusu və psixoloji davranış: gənclərin daxili kompası”, “Kibertəhlükəsizlik üzrə mövcud problemlər” və “Hüquqi müstəvidə könüllülük fəaliyyəti” mövzularında sessiyalarda iştirak edərək hüquqi düşüncə və rəqəmsal təhlükəsizlik barədə biliklər mənimsəyiblər. Eyni zamanda, təşkil edilən müxtəlif fəaliyyətlər – yoqa, kreativ master-klaslar, vörkşoplar, intellektual oyun, haykinq yürüşü və “airsoft” yarışı iştirakçıların həm əyləncəli, həm də öyrədici zaman keçirməsinə şərait yaradıb.

“Yay Fest 2025” Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “IDEA” İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “CAVAN” Gənclər Hərəkatı və “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.

Avqustun 29-dək davam edəcək festival çərçivəsində ümumilikdə 2 mindən çox gəncin iştirakı ilə “Milli-mənəvi dəyərlər”, “Həmrəylik”, “Humanizm”, “Ədalət və Qanun”, “İnkişaf”, “Vətənpərvərlik”, “Müstəqillik tarixi” və “Qalib Diplomatiya” mövzularında mərhələli şəkildə 8 düşərgə keçiriləcək.

Gənclər http://yayfest.az/  veb-səhifəsi vasitəsilə qeydiyyatdan keçərək növbəti düşərgələrdə iştirak etmək üçün seçimlərə qatıla bilərlər. Seçimlər zamanı 18-25 yaşarası ictimai fəallığı ilə seçilən gənclərə üstünlük veriləcək.

Bütün yeniliklərdən, maraqlı və dinamik proqramdan xəbərdar olmaq üçün “Yay Fest”in Instagram (www.instagram.com/yayfest.az/) səhifəsini izləyə bilərsiniz.

ƏvvəlkiTürkiyə qırıcısı Qara dəniz üzərində təlim uçuşu həyata keçirib
Növbəti“Bulvarda kino axşamı” layihəsi davam edir