Fransa hakimiyyəti Alp-Dəniz departamentində elektrik enerjisinin kütləvi kəsintisi ilə nəticələnən enerji obyektlərinin qəsdən məhv edilməsini araşdırır.
“Report” xəbər verir ki, bu barədə mənbəyə istinadən BFMTV telekanalı məlumat yayıb.
Bildirilir ki, Vilnev-Lubet kommunası ərazisində yüksək gərginlikli elektrik verilişi xəttinin konstruksiyasının dəmir dayaqları kəsilib, həmçinin özüldəki dörd dayaqdan üçü mişarla kəsilib.
Bu səbəbdən dirək kəskin şəkildə əyilib və nəticədə mayın 24-də səhər naqillər qoparaq 160 min evi işıqsız qoyub. Bundan əlavə, Tanneron kommunasında (Var departamenti) elektrik yarımstansiyasında yanğın əlamətləri aşkar edilib. Bu, gecə saatlarında bölgədə elektrik enerjisinin kəsilməsinə səbəb olub.
Fransanın Milli Terrorla Mübarizə Prokurorluğundan jurnalistlərə bildirilib ki, onlara bu işi araşdırmaq üçün hələ təyinat verilməyib və hücum edənlərin hərəkətləri hazırda terror aktı kimi qiymətləndirilmir.
Hazırda RTE və “Enedis” enerji şirkətlərinin mütəxəssisləri elektrik şəbəkəsinin bərpası istiqamətində işləri davam etdirirlər. Onlar yaxın bir neçə saat ərzində enerjinin bərpa olunacağını proqnozlaşdırırlar. Bu arada departamentdə, xüsusilə Kann kommunası ərazisində təkcə elektrik enerjisi ilə deyil, həm də mobil rabitə ilə bağlı problemlər yaranıb və regionda qatarların hərəkəti pozulub. Antibes kommunasında nasos stansiyaları söndürülüb. By səbəbdən şəhər rəhbərliyi hətta müvəqqəti olaraq dənizdə çimməyi qadağan edib.