Tbilisidə Azərbaycan və Türkmənistan xalçalarının sərgisi açılıb

Tbilisidə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyinin Axundov İncəsənət Qalereyasında Azərbaycan və Türkmənistan xalçalarının və digər əl işlərinin sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgi hər iki ölkənin Gürcüstandakı səfirliklərinin təşəbbüsü və M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin dəstəyi ilə keçirilir.

Sərgidə Azərbaycanın Qarabağ, Quba, Şirvan, Gürcüstanın Borçalı xalça nümunələri, eləcə də Türkmənistana aid 20-dən çox xalça, digər toxuculuq məmulatları, zinət əşyaları və rəsm əsərləri nümayiş etdirilir.

Muzeyin əməkdaşı Leyla Əliyeva bildirib ki, sərginin təşkili Azərbaycan və Türkmənistan mədəniyyətini təbliğ etmək, hər iki ölkənin milli dəyərlərini, dünyada məşhur olan xalça nümunələrini tanıtmaqdır.

Türkmənistanın Tbilisidəki səfiri Dövlətmurat Seyitməmmədov, Azərbaycan səfirliyinin müşaviri Kamal Xəlilov çıxış edərək sərginin əhəmiyyətindən danışıb, bu cür tədbirləri təşkil etməkdə məqsəd yalnız Azərbaycan-Türkmənistan mədəni əlaqələrinin deyil, eləcə də Gürcüstan ilə əlaqələrin inkişafına təkan vermək, oxşar mədəniyyətlərimizi təbliğ etməkdir.

Bildirilib ki, qədim xalçaçılıq ənənələri Azərbaycanda və Türkmənistanda qorunub saxlanılır, hər iki ölkədə bu sahəyə böyük önəm verilir. Bakı və Aşqabadda xalça muzeyləri fəaliyyət göstərir.

Qeyd olunub ki, hər iki ölkənin qədim xalça nümunələri bir sıra ölkələrin muzeylərində saxlanılır, sərgi zallarını və qalereyaları bəzəyir.

Sərgi bir həftə davam edəcək.

ƏvvəlkiSankt-Peterburqda Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub
NövbətiAzərbaycanın minifutbol yığması dünya çempionatında ilk qələbəsini qazanıb