“SOCAR-GPC” layihəsinin xərclər smetası müqaviləsi üzrə hazırlıqlar yekunlaşmaqdadır

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaradağ rayonu ərazisində inşa etməyi planlaşdırdığı qaz emalı və polimer kompleksi – “SOCAR-GPC” layihəsinin “açıq kitab” əsasında xərclərin smetası (OBCE) müqaviləsi üzrə hazırlıqlar yekunlaşmaqdadır.

Türk.az xəbər verir ki, bu barədə “Neftçilər Günü”nə həsr olunmuş mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev məlumat verib.

Onun sözlərinə görə, kompleks üzrə ilkin mühəndislik və layihələndirmə işləri (FEED) başa çatıb.

“Qaradağ rayonu ərazisində tikiləcək “SOCAR GPC” adlı yeni kompleksdə təbii qazın ağır C2+ fraksiyalardan təmizlənməsi, bu fraksiyaların yüksək keyfiyyətli polimer məhsulların istehsalı üçün istifadə olunması, təbii qazın əsasını təşkil edən təmizlənmiş metanın isə ölkə təsərrüfatına qaytarılması nəzərdə tutulur. Belə demək mümkünsə, yeni kompleks itkiləri qazanca çevirəcək, beləliklə, ölkənin kimya sənayesinin inkişafına daha bir töhfə olacaq. Hazırda bu istiqamətdə xarici investorlarla danışıqlar aparılır”, – SOCAR prezidenti bildirib.

Qeyd edək ki, kompleks qaz emalı və polimer zavodlarından ibarət olacaq. Qaz Emalı Zavodunun illik gücü 10 mlrd. kubmetr həcmində (təmizlənmiş 9,1 mlrd.kubmetr) nəzərdə tutulub. Kompleksdə həmçinin ildə 600 min ton aşağı və yüksək sıxlıqlı polietilen, 130 min ton propilen, 42 min ton benzol, 25 min ton benzin istehsalı nəzərdə tutulur. Bundan başqa, daxili istifadə üçün ildə 32 min ton buten-1, 21 min ton heksen-1 istehsalı planlaşdırılır.

ƏvvəlkiUkrayna Dövlət Miqrasiya Xidmətinin sədri Azərbaycanda rəsmi səfərdədir
NövbətiEtimad İsmayılov Türkiyədə qətlə yetirildi