Tərtərdə şəhid Nicat İsgəndərovun ailəsi ziyarət olunub

Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları 2016-cı ilin Aprel döyüşlərinin ildönümü ilə əlaqədar Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş İsgəndərov Nicat Bəhruz oğlunun ailəsini ziyarət edib, qayğıları ilə maraqlanıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə şəhidin valideynləri və yaxınları onunla bağlı xatirələrini danışıb, keçdiyi döyüş yoluna bir daha nəzər salıblar.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Aprel döyüşlərinin əhəmiyyətindən danışaraq bildirib ki, 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Aprel döyüşləri-böyük zəfərin başlanğıcı oldu.

Nicat İsgəndərovun valideynləri şəhid ailələrinə, müharibə əlillərinə və veteranlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, gizir Nicat İsgəndərov 2016-cı ilin aprel ayında Ermənistan silahlı birləşmələrinin təxribatının qarşısının alınmasında iştirak edib. Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Döyüşdə göstərdiyi şücaətə görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib. Onun adı əbədiləşdirilərək Tərtər şəhərinin küçələrindən birinə və təhsil aldığı 1 nömrəli tam orta məktəbinin 4V sinfinə verilib.

ƏvvəlkiQız Qalası Autizm Məlumatlandırma Günü çərçivəsində mavi işıqla işıqlandırılacaq
NövbətiAzərbaycan güləşçisi ikiqat Avropa çempionu olub