Gəncə olayı: polis müsahibədə sirləri belə açdı – Video

İyulun 10-u Gəncədə polislərə hücum edən radikal şəxslərlə döyüşən Gəncə Baş Polis İdarəsi, Post-Patrul Taborunun qərargah rəisi Samir Bayramovun müsahibəsində olayla bağlı bəzi qaranlıq məqamlara aydınlıq gəlib.

Türk.az xəbər verir ki, Samir Bayramovun hadisə zamanı şahidi olduğu və yaşadığı olaylar bu faciənin heç də kütləvi aksiya olmadığını göz önünə sərir.

Post-Patrul Taborunun qərargah rəisi Samir Bayramovun müsahibəsində səsləndirdiyi fikirlərə və ortaya çıxan detallara nəzər yetirək:

1. Əvvəla, S.Bayramovun hadisə baş verən ərazidə yalnız bir şəxsin əlində qılınc olduğunu, onun polislərə hücum edib, qətlə yetirdiyini bildirir. Bu da onu deməyə əsas verir ki, oraya məhz polis qətlinə səbəb olmaq və ölkədə xaos yaratmaq üçün gələnlərin sayı bir və ya bir neçə nəfərdir. Hər iki zabitin üzərinə bir nəfərin hücuma keçməsi, daha sonra həmin şəxsin S.Bayramovu öldürməyə cəhdi də bunu sübut edir.

2. Samir Bayramov əlində qılınc olan terrorçu ilə mübarizədə yaralanarkən ona yaxınlıqdakı mülki şəxslər kömək ediblər. Bu da onu göstərir ki, hadisələr zamanı əraziyə toplaşanların böyük əksəriyyəti radikallar olmayıb və ya aksiyaya qatılmayıblar. Polisi yaralı halda öz avtomobillərinə qoyub gətirən həmin vətəndaşlardan biri hətta onun qan itirməməsi üçün kəmərini açaraq, ayağını bağlayıb. Daha sonra həmin gənclər yaralı polisi qucaqlarına alaraq, xəstəxananın reanimasiya şöbəsinə çatdırıblar.

3. Polisin vurulma anının videosunda vətəndaşlar terrorçuların belə dəhşətli olaya əl atdığını görərək, bir-birini ərazini tərk etməyə çağırıblar. Bu da onu deməyə əsas verir ki, əraziyə toplaşanların əksəriyyəti heç də radikal qruplaşmanın üzvü olmayıb. Zatən, rəsmi açıqlamada da ora 150-200 nəfərin iştirak etdiyi bildirilsə də, yalnız 40 nəfər saxlanılıb. Saxlanılanların heç də hamısının cinayət iştirakçısı olduğu barədə indidən qərar vermək olmaz – istintaq göstərəcək.

Bu üç səbəb Gəncədə baş verənlərin etiraz aksiyası nəticəsində yaranmış toqquşmanın ağır fəsadı deyil, konkret bir neçə şəxsin törətdiyi terror olayı olduğunu bir daha göz önünə sərir.

Sözsüz ki, aidiyyəti orqanlar bu olayın ən incə dərinliklərinə qədər gedərək, bütün faktları üzə çıxaracaqlar. Yaralı polisimiz Samir Bayramovu xilas edən vətəndaşlarımızın simasında xalq və dövlət birliyi isə bu olayı təşkil edənlərə ən böyük zərbə kimi tarixə düşəcək.

ƏvvəlkiTürkiyə səfirindən Gəncə hadisəsinə – Reaksiya
NövbətiNetanyahu mövqeyini dəyişdi: Əsədlə problemimiz yoxdur