BİR DAHA QONDARMA “ARTSAXIN” TANINMASI TƏHLÜKƏSİ BARƏDƏ…

Həftənin əsas xəbərləri içində mayın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də iştirak etdiyi Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi oldu. Rusiya mediasında bu mərasimə münasibət birmənalı deyldi. “Rusiyanın durumundan istifadə edib ABŞ-ın layihəsi gerçəkləşdi”, “Rusiyanı izolə edən alternativ qaz xətti çəkildi” kimi neqativ münasibətlərdən tutmuş bu xəbəri “Bu qaz kəmərini bombalamaq lazımdır!” kimi açıq nifrətlə qarşılayanlar da az deyildi. Ən əsası isə, ermənilərin tərəfini daim saxlayan Rusiyanın KİV-lərində bir kin-küdürət də var idi ki, istər Azərbaycanın  Cənub Qaz Dəhlizi (TAP-TANAP-ı) olsun, istərsə Rusiyanın “Türk axını” olsun, hər iki halda bölgədə Türkiyənin strateji mövqeyi artacaq.

Digər mühüm hadisə isə, faktiki Azərbaycan üçün də narahatedici yük daşımaqdadır. Bu da, qondarma “Cənubi Osetiya Respublikası” və “Abxaziya Respublikasının” Əsəd Suriyası tərəfindən tanınması oldu.

HADİSƏLƏRİN GEDİŞATI

Mayın 29-da günorta Suriya mediasının yaydığı məlumata görə,  Suriya Ərəb Respublikası Abxaziya və “Cənubi Osetiyanın” “müstəqilliyini” elan etdi. Suriyanın iqtidar agentliyi SANA-nın məlumatına görə, Suriyanın Xarici İşlər Nazirliyində bəyan edirlər ki, tərəflər qarşılıqlı razılaşma imzaladılar.

Suriyanın Xarici İşlər Nazirliyi işğal altında olan Abxaziya və “Cənubi Osetiyanın” “müstəqilliyinin” “elan edilməsi” ilə bağlı bəyanat yayır. “Suriyaya qarşı terrorist aqressiyası fonunda, Suriyə Ərəb Respublikası, Abxaziya və “Cənubi Osetiya” arasında qarşılıqlı münasibət haqqında müqavilə imzaladılar. Diplomatik əlaqələr səfirliklər səviyyəsində gücləndiriləcək” – deyilir bəyanatda.

Gürcüstanın Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti Əsəd rejiminin Rusiya Federasiyası tərəfindən manipulyasiya nəticəsində qəbul etdiyi qeyri-qanuni qərarına müvafiq dəyərləndirmənin verilməsinə və qeyd olunan hərəkətlərə qarşı tədbirlərin görülməsinə çağırır, – bu barədə Gürcüstanın xarici işlər nazirinin müavini, David Dondua brifinqdə bəyan etdi.

Onun dediyinə görə, beynəlxalq ictimaiyyət Gürcüstanın suverenliyi, ərazi bütövlüyü və işğal olunmuş ərazilərin tanınmaması siyasətini dəstəkləyir.

Gürcüstan Suriya ilə artıq diplomatik əlaqələrin kəsilməsi proseduruna başladı.

Gürcüstan parlamentinin vitse-spikeri Giya Volskinin fikirncə, Suriya tərəfindən işğal olunmuş Abxaziya və “Cənubi Osetiyanın” tanınması qərarının qəbul edilməsi, başdan ayağa Rusiyanın təşəbbüsüdür.

“NATO və onun  müttəfiqlərinin mövqeyi aydın və möhkəmdir – biz Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik”, – bu barədə bəyanatı Cənubi Qafqaz və Mərkəzi Asiyada NATO baş katibinin xüsusi nümayəndəsi Ceyms Appaturay gürcü Birinci Kanalına eksklüziv olaraq, bildirdi.

Onun dediyinə görə, Suriyanın “Cənubi Osetiya” və Abxaziyanın “müstəqilliyinin” tanınması haqqında qərarı beynəlxalq cəmiyyətin mövqeyinə heç bir təsir etməyəcək.

“Suriyanın qərarı, Abxaziya və Cənubi Osetiya regionlarının Gürcüstan ərazisi olmaları ilə bağlı, beynəlxalq ictimaiyyətin qəti mövqeyini dəyişə bilməyəcək. NATO işğal edilmiş əraziləri tanımamaq siyasətini davam edir və Rusiyaya müraciət edir ki, beynəlxalq öhdəliklərini yerinə yetirsin” – deyə Appaturay bildirdi.

“Beynəlxalq tərəfdaşlar Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək üçün birləşməlidir”  – bu barədə bəyanatı ABŞ-ın Gürcüstandaki səfirinin vəzifəsini icra edən Elizabet Rud Gürcüstanın Xarici İşlər Nazirliyində bildirdi.

Elizabet Rud Suriyaya, Rusiya Federasiyasına, Nikaraquaya, Venesuelaya və Nauruya müraciət edir ki, işğal altında olan regionların “müstəqilliyinin” elan edilməsini geri çəksinlər.

Qeyd edək ki, 2008-ci il avqustun 26-da Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdı. Rusiyanın təzyiqi və maliyyə yatırımlarına görə, Nikaraqua, Venesuela, Nauru, Vanuatu və Tavulu dövlətləri də bu iki separatçı qurumu tanıdılar. Amma Gürcüstanın tərəfdaşları olan  ABŞ və Avropanın təzyiqləri və iqtisadi yardımları nəticəsində Vanuatu və Tavulu dövlətləri Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaları barədə qərarlarını ləğv etdilər.

DE-FAKTO TANINAN “ARTSAX”

Bəri başdan deyək ki, qondarma “artsaxın”, yəni erməni işğalçılarının işğal olunmuş Azərbaycan ərazilərində yaratdığı qondarma qurum de-fakto tanınmışdır. Rusiyanın bəzi siyasətçilərinin, alimlərinin, din xadimlərinin bu qondarma quruma səfəri və hətta Rusya XİN-in rəhbərinin müavini “Artsaxın” nümayəndələri ilə eyni masa arxasında rəsmi görüşdə iştirakı bunu göstərir. London, Vaşinqtonun, Parisin  mötəbər siyasi dairələrində də “artsax respublikası” nümayəndələrinin qəbulu, ABŞ Konqresinin rəsmi Bakını saymadan “artsaxa” maliyyə yardımı etməsi, 1999-2001-ci illərdə Azıxda qanunsuz olaraq həyata keçirilən qazıntılara British Airways/British Mediterranean Airways, London Universitetinin Arxeologiya İnstitutu, The Harold Hyam Wingate Trust Fondu, İspaniyanın elm və Texnologiya Nazirliyi, Madriddəki The Royal Society maliyyə dəstəyi və bizim hələ nə qədər demədiyimiz və bilmədiyimiz faktlar bunu göstərməkdədir.

Qondarma “artsax respublikası” müstəqil dövlət kimi qondarma Abxaziya, Cənubi Osetiya, Dnestryanı qurumlar tərəfindən, Avstraliyanın Yeni Cənubi Uels, ABŞ-ın Rod-Aylend, Massaçusets, Men, Luiziana, Kaliforniya, Corciya, Havay və Miçiqan ştatlarının parıamentləri tərəfindən tanınmışdır. Hər il Avropa və Asiya ölkələrindən bu əraziyə turistlər gəlməkdədir.

Beləliklə, göründüyü kimi “artsax” de-fakto tanınmaqdadır. Bu işğalçı qurumun indiyədək de-yure tanınmamasının əsas səbəbləri: 1) Qərb və Rusiya arasında qarşıdurma. Nə qədər bu qarşıdurma var, heç bir tərəf Azərbaycanı qarşı tərəfin səfinə keçməsini istəmədiyindən “arsaxı” tanımayacaq. Bakı NATO-ya tərəf getmədiyindən Rusiya və əlaltı ölkələri “arsaxın müstəqilliyin” rəsmiləşdirməyəcək. Nə qədərki rəsmi Bakı KTMT-yə qoşulmur — ABŞ və əlaltıları “arsaxın” tanımayacaq. Amma bu da çox etibarlı durum deyil…

2) Minsk qrupu məsələnin dinc yolla həlli ilə məşğuldur. Təklif olunan mövcud razılaşma sənədlərində (Madrid və ya Qazan layihələrindəki prinsiplər) “artsax” dünya nəzarəti altında bütün dövlət atributlarına malik beynəlxalq hüququn subyekti və siyasi xəritənin obyekti olacaq. Faktiki Azərbaycan Respublikasının gələcəkdə konfederativ bir dövlətə çevrilməsi nəzərdə tutulub. Yəni, mövcud sülh layihələri üzrə erməni işğalçıları istədiklərinə nail olublar və faktiki bu layihələr (Madrid və ya Qazan layihələrindəki prinsiplər) Azərbaycanın xarici siyasətdə məğlubiyyəti hesab olunmalıdır. Nə qədərki Cənubi Qafqaz üzrə ABŞ-Rusiya qarşıdurması var, mövcud status-kvo var, bu təslimçi sülh razılaşmaları kağız üzərində qalacaq. Amma super qüvvələrdən biri qalib gəlsə (çox güman ki, ABŞ), onda Azərbaycan həmin qüvvə tərəfindən təslimçi sülhə imza atmağa məcbur ediləcək (sanksiyalar, yeni Azərbaycan torpaqlarının işğalında ermənilərə hərbi yardım edilməsi vəs.).

Gürcüstan oxşar durumda idi. Amma o, seçimini etdi. Artıq Ukraynadan sonra Qərbin siyasi dairələri rəsmi olaraq onlar tərəfə keçmiş Gürcüstanın, Moldovanın separatçı qurumlarını — Rusiyanın təxribatı adlandırırlar. Yəni, günü sabah Rusiya zəifləyib imperialist iddialarından əl çəksə, Gürcüstan, Ukrayna və Moldova ərazisində Moskvanın qurduğu separatçı qurumlar ABŞ-ın istər qlobal siyasi oyunu, istərsə də birbaşa hərbi müdaxiləsi ilə ləğv ediləcək.

Hətta Rusiya yönlü mövqe tutduğu üçün Serbiyanın parçalanmasını, Kosovonun ayrıca dövlət kimi tanınması da bizə görk olmalıdır.

Bəs bizdə durum necədir? Heç bir siyasi bəyanatda nə bizim XİN, nə də Qərb düşərgəsi ölkələri “artsaxı” Rusiya təxribatı kimi qiymətləndirməyiblər. Qondarma “artsax” Rusiyanın təxribatı kimi deyil, “azadlığı uğrunda mübarizə aparan artsax xalqının yaratdığı dövlət” kimi dünya mediasına və siyasi dairələrinə təqdim edilir. Bu ciddi təbliğat-təşviqat məğlubiyyətimizdir!

TƏHLÜKƏLİ DURUM

Biz hələki təhlükəli və perspektivsiz durumdayıq. Bunun obyektiv və subyektiv tərəfləri var.

Obyektiv səbəblər: xristianpərəstlik və anti-türkizm. Əgər biz bu gün NATO-ya inteqrasiya qolunu götürsək, Rusiya hərbi təcavüzdən çəkinməyəcək, hətta Bakını belə, işğal edə bilər. ABŞ və Qərb bizə qarant verəcəklərmi ki, bizi bu təcavüzdən qoruyacaqlar? Tutaq ki, Rusiya və əlaltı dövlətləri bu halda “artsaxı” tanıdılar. Kim zəmanət verə bilər ki, hətta Qərb düşərgəsində olan ölkələr bir-birinin ardınca “artsaxı” tanımayacaqlar? Axı biz Qərbin və Rusiyanın gözündə müsəlman və türkdilli xalqın dövləti hesab edilirik.

Digər tərəfdən, biz əgər Qərblə intensiv yanaşmaya getsək onların birinci tələbi elə torpaqlarımızın hərbi yolla azad edilməsindən əl çəkmək, Bakıda erməni və d. separatçılara “demokratik prinsiplər” altında fəaliyyət göstərmək azadlığının verilməsi tələbləri olacaq. Biz bunu Türkiyənin misalında görə bilərik.

Subyektiv səbəblər: Azərbaycanı Qərb mediası qeyri-demokratik, liberalizmdən uzaq ölkə kimi dünyaya tanıdıb. Bu mənfi imicin aradan qaldırılması üçün heç bir əməli iş görülmür. Digəl ki, Gürcüstanda İvanişvili ailəsi rəsmən siyasətdə deyil və ölkədə partiyaların fəaliyyəti, söz, yığıncaq və yürüş azadlığı təsəvvürü yaradılıb. Amma hamı gözəl bilir ki, ölkənin əsas dirijoru İvanişvili ailəsdir. Gürcülər bu imici və sistemi yarada bildilər.

Həmçinin, Azərbaycanda Qərbi və eləcə də Rusiyanı çəkindirə biləcək bəzi siyasi qüvvələrin mövcudluğu görüntüsü yaradılmayıb. Qoy, bizdə anti-Rusiya yönümlü millətçi, turançı qüvvələr daim gündəmdə öz mövqelərini açıqlasınlar. Qoy, bizdə Qərbi qorxudan Avropada separatçı hərəkatları dəstəkləyən, İspaniyada Kataloniyanın, Fransada Korsikanın müstəqilliyini, mühacirətdə Qərbi Azərbaycan hökumətini tanımağa çağıran liberal təşkilatlar daim gündəmdə olsunlar.

Əlbəttə, bu cür siyasi oyunu yaratmaq üçün bizə güclü, səriştəli, mahir siyasi kadrlardan ibarət  XİN komandası lazımdır.

Biz Rusiya və Qərbi yalnız “islamçılarla” qorxudan və ya karbohidrogen nəqli borularının strateji əhəmiyyətinə inandıran kartları sonsuz olaraq oynada bilmərik. Belə ki, ABŞ və Rusiyanın qarşıdurması bitdikdən sonra bunların da önəmi itəcəkdir. Çox güman ki, bu qarşıdurmadan qalib çıxan ABŞ üçün “artsaxa” konfederativ hüquq verməyə görə müqavimət göstərən Azərbaycanı Liviyaya və İraqa çevirmək və ya İranla müharibəyə çəkmək böyük problem olmayacaq.

Ən təhlükəlisi isə budur ki, istənilən zaman “artsaxın müstəqilliyini” həm Rusiya, həm ABŞ təsirindən uzaq hansısa bir dövlət tanıya bilər. Qorbaçov dövründə SSRİ-ni de-yure dağıdan ABŞ olmadı, Atlantik okeanın şimalında yerləşən balaca İslandiya oldu; 1991-ci ilin fevralında, sovet rəsmən dağılmamışdan öncə Baltikyanı ölkələrin müstəqilliyini tanıdı.

Əgər sabah Qərb və ya Rusiya düşərgəsinə daxil, yaxud tam ayrı bir ölkə qondarma “artsaxı” tanısa, nə edəcəyik? Zəncirvari reaksiya gedəcək, hər iki düşərgənin ölkələrinin bu tanıma oyununu nə ilə durduracağıq? İşğalçılara, yəni, Rusiyaya qarşı müharibəyə başlayacağıq?!

Unutmayaq ki, Kosovonu həmişəlik de-yure itirmiş Serbiyanın gününə düşə bilərik…

Nə etmək barədə çoxdan sözümüzü demişik — fasiləli müharibələr, amma ordumuzun irəliləməməsi şərtilə (!) Qarabağ ərazisində düşmənin canlı qüvvəsini və kommunikasiyasını məhv edən fasiləli, lakin dayanmayan “atəşkəs rejiminin pozulmalarından” istifadə taktikası…

Qarxunlu

“Millətçilik” qəzeti

ƏvvəlkiTürkiyədəki çevriliş cəhdindən – Dəhşətli görüntülər
NövbətiAXC-100. QALA DÖVLƏT TARİX-ETNOQRAFİYA QORUĞUNDA “XALQ YARADICILIĞI: QƏDİM EL SƏNƏTLƏRİ” FESTİVALI KEÇİRİLİR