“44 günlük zəfər – tarixi yazanların gözü ilə” adlı tədbirlər keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Gənc Nəslin Maarifləndirilməsi İctimai Birliyi “44 günlük zəfər – tarixi yazanların gözü ilə” adlı layihə çərçivəsində Ağdam, Bərdə və Tərtər rayonlarında yaşayan gənclərlə görüşlər keçirildi.

Görüşlər Azərbaycanın müstəqilliyi, süverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Dövlət Himninin səsləndirilməsindən sonra Gənc Nəslin Maarifləndirilməsi İctimai Birliyinin sədri Mikayıl Həsənli çıxış etdi. Bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 illik işğala 44 gündə son qoydu, düşməni əzəli torpaqlarımızdan qovdu. Düşmən bir daha Azərbaycan xalqının əzminin, qəhrəmanlığının şahidi oldu. Düşmənə şanlı zəfərlə tarix dərs keçən qəhrəman oğullarımızın döyüş və fəxarət yolunun gənclər arasında təbliğ olunmasının vətədaş cəmiyyəti institutları üçün başlıca öhdəlik olduğunu vurğulayan Mikayıl Həsənli, təşkilat olaraq həyata keçirdikləri layihənin də məhz əsas məqsədinin İkinci Qarabağ müharibəsində qazanılmış zəfər tarixinin eləcə də ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şücaət göstərmiş qəhrəman övladlarımızın döyüş yolunun gənc nəslə tanıdılmasından ibarət olduğunu vurğuladı.

Daha sonra çıxış edən layihənin eksperti, ikinci Qarabağ müharibəsinin veteranı, ehtiyatda olan Taleh Əliyev keçirilən bu layihənin cəmiyyət üçün önəmini ifadə edərək 44 günlük Vətən müharibəsində qanı ilə dastan yazan qəhrəmanların keçdiyi şərəfli döyüş yolundan, zəfər tariximizin şanlı səhifələrindən  danışaraq, artıq cəmiyyət üçün məxfi sayılmayacaq uğurlu tapşırıqlar, keçdikləri döyüş yolları haqqında gənclərimizə geniş məlumat verdi. Bildirdi ki, 44 günlük zəfərimizlə bitən müharibə xalqın öz ordusuna inamının, sevgisinin nümayişi, Azərbaycan hərbçisinin rəşadəti, qarşısına qoyulan bütün döyüş tapşırıqlarını şərəflə, dəqiqliklə yerinə yetirməsinin ifadəsidir. Bu Qələbəni şərtləndirən əsas amillərdən biri xalqımızın Azərbaycan Ordusunun qüdrətinə inamı idi. Eyni zamanda, bütün dünya yeni əsrin müharibəsini aparmış ordumuzun gücünü, peşəkarlığını və öz tarixi missiyasını uğurla reallaşdırmaq iqtidarında olduğunu gördü.

Sonda isə gənclər də şanlı zəfər tariximiz haqqında öz fikirlərini ifadə edib, onları maraqlandıran suallara cavab aldılar.

Gənclərlə keçirilən görüşlərdə şəhid ailəsinin üzvləri, Rayon İcra Hakimiyyətlərinin məsul şəxsləri, kollec və məktəb direktorları, QHT sədrləri və ictimaiyyət nümayəndələri iştirak etdi.