2019-cu ilin dövlət büdcəsinə dəyişiklik ediləcək

Prezident İlham Əliyevin təşəbbüsü ilə “2019-cu il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi Milli Məclisə təqdim olunub.

Türk.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, ölkədə minimum əmək haqqının və pensiyanın artırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin 200 milyon manat, İşsizlikdən Sığorta Fondunun isə büdcəsinin 15 milyon manat artırılması zərurəti yaranıb. Həmin xərclərin qarşılanması üçün məcburi dövlət sosial sığorta haqları üzrə 350 milyon manat məbləğində əlavə daxilolma nəzərdə tutulur.

Bununla əlaqədar “Büdcə sistemi haqqında” qanunun tələbləri gözlənilməklə əlavə 2019-cu il üzrə icmal büdcənin xərclərinin yuxarı həddinin 215 milyon manat artırılması və dövlət büdcəsindən DSMF-nin gəlir və xərclərinin balanslaşdırılması üçün Fonda ayrılan vəsaitin məbləğinin 150 milyon manat azaldılması nəzərdə tutulur.

ƏvvəlkiBakıda Rusiya-Azərbaycan sərhədinin demarkasiyası üzrə birgə komissiyanın iclası keçirilib
NövbətiMütəxəssis: Mavi balina, Alov pərisi kimi internet oyunları əsrin ən böyük bəlalarındandır