Ərəb Dövlətləri Liqasının 31-ci Sammiti başa çatıb

Noyabrın 2-də Ərəb Dövlətləri Liqasının 31-ci Sammitində müzakirələr davam edib.

AZƏRTAC xəbər verir ki, krallar, əmirlər, prezidentlər və baş nazirlər İsraillə dörd ərəb ölkəsi arasında diplomatik əlaqələrin qurulması ətrafında fikir mübadiləsi aparıblar. Sudan rəhbərliyi Təl-Əvivlə diplomatik münasibətlər qurmaq istəyən daha bir ərəb ölkəsi olmaq niyyətini bildirib. Ərəb liderləri, həmçinin Benyamin Netanyahunun yenidən İsrailin Baş naziri olacağı təqdirdə ümumi strategiyanı nəzərdən keçiriblər.

Sammitdə əhalisini təmin etmək üçün kifayət qədər buğda və yanacaq idxal etməkdə çətinlik çəkən dövlətlərin başçılarının çıxışları da dinlənilib. Müzakirələrdə diqqətə çatdırılıb ki, Afrikada son onilliklər ərzində müşahidə olunan ən böyük quraqlıq böhranı daha da dərinləşdirib və hazırda Ərəb Liqasının üzvü olan Somali aclıq həddinə çatıb. Digər tərəfdən, Rusiyanın Ukraynanın Qara dəniz limanlarına qarşı blokadasını gücləndirməsi fonunda vəziyyət daha da acınacaqlı hal alıb. Belə ki, bir çox ərəb ölkələri buğda və gübrə idxalını bu marşrut vasitəsilə həyata keçiriblər.

Tədbir ərazisinə görə Afrikanın ən böyük ölkəsi olan Əlcəzairin rəhbərliyinə ərəb dünyasında liderliyini nümayiş etdirmək imkanı verib. Bu ölkə qitədə əsas neft və qaz istehsalçısıdır və Rusiya-Ukrayna müharibəsindən qaynaqlanan qlobal enerji böhranı fonunda Avropa dövlətləri tərəfindən əsas təchizatçı kimi qəbul edilir. Əlcəzair Prezidenti Abdelmacid sammitdəki çıxışında bildirib ki, hazırda ərəb və beynəlxalq ictimaiyyətin diqqətinin digər münaqişələrə və böhranlara yönəldiyi vaxtda Fələstin probleminin həlli məsələsi arxa plana keçməməlidir. O, ötən ay Əlcəzairin Fələstində siyasi parçalanmaya son qoyulması, Fələstin Administrasiyasının İordan çayının qərb sahilinin bəzi hissələrini idarə edən Fəth partiyası ilə Qəzza zolağına nəzarət edən Həmas qruplaşmasını barışdırmaq məqsədilə apardığı danışıqlara ev sahibliyi etdiyini diqqətə çatdırıb.

Sammitdə Yəmən, Liviya və Suriyada davam edən gərginliyin azaldılması da diqqət mərkəzində olub. Liviyada münaqişə tərəflərinin razılığa gələrək ümumi seçkilər keçirilməsi istiqamətində əməli addımlar atılmasının əhəmiyyəti vurğulanıb, həmçinin İranın Suriya və Yəməndə münaqişəni qızışdırmaq səyləri pislənilib.

Müzakirələrdən sonra ərəb ölkələri liderlərinin mətbuata qapalı olan xüsusi məsləhətləşmə iclası keçirilib.

Sonda Ərəb Dövlətləri Liqasının 31-ci Sammitinin yekun Bəyannaməsi qəbul olunub.

ƏvvəlkiAzərbaycan Prezidenti İlham Əliyevin Əlcəzairə səfəri başa çatıb
NövbətiAzyaşlılar üçün “OynaTap” layihəsi təqdim edilib