Əməkhaqları, əmək pensiyaları və sosial müavinətlər, təqaüdlər və digər sosial ödənişlər artırılacaq

Prezident İlham Əliyev oktyabrın 16-da “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncamda ölkə əhalisinin rifah halının yaxşılaşdırılmasının aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biri olduğu vurğulanır, son illər əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımların atıldığı qeyd olunur.

Sənəddə deyilir ki, dünya miqyasında iqtisadi fəallığın bərpası və məcmu tələbin artması templərinin vaxtilə dayandırılmış istehsal, nəqliyyat-logistika və təchizat güclərinin iqtisadi dövriyyəyə qaytarılması sürətini xeyli üstələməsi beynəlxalq bazarlarda bir çox əmtəələrin qiymətlərinin əhəmiyyətli dərəcədə qalxmasını şərtləndirərək yeni çağırışlar yaradıb. Bu vəziyyət ölkəmizə idxal olunan əmtəələrin, o cümlədən bir sıra ərzaq məhsullarının qiymətlərinin artımına səbəb olur və nəticə etibarilə sosial baxımdan ən həssas əhali qruplarının rifah halına mənfi təsir göstərir.

Bunları nəzərə alaraq, Nazirlər Kabinetinə əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı 2022-ci il dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Sərəncam beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin ölkə əhalisinə, xüsusilə həssas əhali qruplarına mənfi fəsadlarını yumşaltmaq və əhalinin sosial müdafiəsini gücləndirmək məqsədi daşıyır.

ƏvvəlkiAZAL: “Füzuli Hava Limanı artıq beynəlxalq uçuşlar üçün açıqdır”
NövbətiBu gün Azərbaycanda COVID-19 əleyhinə 31 min dozaya yaxın peyvənd vurulub