Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Əlahiddə Ümumqoşun Orduda aprel ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Mərasimdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib, Dövlət Himnimiz səsləndirilib.

Gənc əsgərlər Azərbaycan Respublikasının mənafeyini, ərazi bütövlüyünü və müstəqilliyini canları bahasına qoruyacaqlarına and içiblər.

Mərasimdə çıxış edən hərbi qulluqçular və əsgər valideynləri gənclərə xidmətlərində nizam-intizamlı, vicdanlı və cəsarətli olmağı, həvalə edilmiş silah və texnikanı dərindən öyrənməyi, Vətənə olan əsgəri borcunu ləyaqətlə yerinə yetirməyi arzulayıblar.

Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Məhəmməd Həsənov bildirib ki, müasir Azərbaycan Ordusunun yaradılması və inkişafı bu gün anadan olmasının 100 illiyini qeyd etdiyimiz xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə Azərbaycan hakimiyyətinə qayıdışından sonra qısa müddətdə güclü nizami ordu formalaşdırıldı və Azərbaycan Ordusu böyük inkişaf yolu keçərək regionun ən güclü qüvvəsinə çevrildi.

Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

General-mayor Məhəmməd Həsənov andiçmə mərasimində iştirak edən gənclərin Ümummilli Lider Heydər Əliyevin ideyalarına həmişə sadiq olacaqlarına və Vətən, xalq, dövlət qarşısında əsgəri borclarını şərəflə yerinə yetirəcəklərinə inandığını bildirib.
Çıxışların ardından şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub. Bununla da andiçmə mərasimi başa çatıb.

Əvvəlki“Anadolu Qartalı – 2023” beynəlxalq təlimində nümunəvi uçuşlar icra olunub
NövbətiŞuşada “Ümummilli Lider Heydər Əliyev – sevimli mahnılar” adlı konsert proqramı təqdim olunub