Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar

Əlahiddə Ümumqoşun Orduda ixtisas hazırlığı kursları başa çatan gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, mərasimdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edildikdən və Dövlət himnimiz səsləndirildikdən sonra çıxış edənlər məşğələlərdə yenilməz döyüşçü keyfiyyətlərinə yiyələnən gənc əsgərlərə xidmətlərində uğurlar arzulayıblar. Bildirilib ki, hərbi xidmətə çağırılan gənclərimiz ordu sıralarına daxil olan gündən ümumqoşun, ixtisas və fiziki hazırlıq məşğələlərində peşəkar əsgərlər kimi hazırlanırlar. Əlahiddə Ümumqoşun Orduda yanvar ayı ərzində həqiqi hərbi xidmətə çağırılaraq məşğələlərə cəlb edilmiş gənc əsgərlər də ixtisas hazırlığı kurslarını uğurla bitirərək növbəti xidmət yerlərində döyüş növbətçiliyinə cəlb olunacaqlar. İnanırıq ki, bu gündən döyüş növbətçiliyinə cəlb olunacaq əsgərlərimiz də Vətən müharibəsində şücaətləri ilə seçilən hərbi qulluqçularımız kimi torpaqlarımızın müdafiəsində cəsarətlə dayanacaqlar.

Çıxışların ardından əsgərlər müxtəlif ixtisaslar üzrə qazandıqları bilik və bacarıqları nümayiş etdiriblər.

Yolasalma mərasimi şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.