“Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi başa çatdı

“Bakı Ekspo Mərkəzi”ndə “Yüksəliş” müsabiqəsinin 3 gün davam edən yarımfinal mərhələsi başa çatdı. İyulun 3-də baş tutan yarımfinal mərhələsinin qapanış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini, İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev iştirakçılara böyük əzmlə nümayiş etdirikləri maraqlı mübarizə üçün təşəkkür edib. İşçi qrupunun rəhbəri kadr ehtiyatı məsələsinə də toxunub. O bildirib ki, “Yüksəliş” müsabiqəsi olaraq hədəfimiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kadr potensialını inkişaf etdirmək siyasətini rəhbər tutaraq iştirakçıların qiymətləndirilməsi prosesində ən yeni metodologiyaları və dünya təcrübəsinə əsaslanan müasir yanaşmaları birləşdirərək ən ədalətli seçimi həyata keçirməkdir.

Qeyd edək ki, müsabiqənin yarımfinal mərhələsində 317 nəfər iştirakçı mübarizə apardı. İştirakçıların mübarizəsi keyslər üzərindən davam etdi və onların 8 səriştəsi ekspertlər tərəfindən qiymətləndirildi. Qiymətləndirmə prosesi beynəlxalq təcrübəyə əsaslanan “Qiymətləndirmə konfransı” metodu ilə həyata keçirildi. Namizədlərin səriştələrinin qiymətləndirilməsi onlara verilən tapşırıqlara yanaşmanın təhlili üzrə aparıldı. İştirakçılara təqdim edilən keyslər müasir dünya təcrübəsi əsasında və qabaqcıl format üzərində hazırlanıb, Azərbaycanın iqtisadiyyatı, sosial, insan resursları və yenidənqurma sahələrini ehtiva edir.

Müsabiqənin yarımfinal mərhələsinin nəticələri 3-5 iş günü ərzində açıqlanacaq. Bu mərhələni uğurla keçən 100-ə yaxın iştirakçı final mərhələsinə keçid haqqı qazanacaq. Qeyd edək ki, müsabiqənin final mərhələsinin 15-17 iyul tarixlərində baş tutması gözlənilir.

17 fevral 2022-ci il qeydiyyatına start verilən “Yüksəliş” müsabiqəsində 12299 iştirakçı müraciət edib. Müsabiqənin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət qurumlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.