Yüklərin konteynerlərlə Orta Asiyaya fasiləsiz olaraq çatdırılması təmin edilir

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyi Şöbəsindən Türk.az-a verilən məlumata görə,Azərbaycan Türkiyə və Mərkəzi Asiya arasında etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq, tranzit yüklərin daşınması üçün əlavə tədbirlər görüb. 

Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə
keçirilən fövqəladə Zirvə görüşündə dövlət başçısı qeyd etdi ki, pandemiya
dövründə Azərbaycan Türkiyə və Mərkəzi Asiya arasında etibarlı tranzit-logistika
mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq, tranzit yüklərin daşınması üçün
əlavə tədbirlər görüb. Belə tədbirlərdən biri Azərbaycanla Türkmənistan arasında
əməkdaşlıq çərçivəsində Bakı və Türkmənbaşı limanları arasında fider gəmisinin
fəaliyyətə başlamasıdır.

Türkiyədən daxil olan yüklərin Orta Asiya istiqamətində fasiləsiz daşınmasını
təmin etmək məqsədilə bu gün Bakı Limanında bir ilkə imza atılıb.
Avtomaşınlardakı yüklər konteynerlərə çevrilərək fider gəmisinə yüklənib.
“Balkan” fider gəmisi Türkmənbaşı limanına ümumilikdə 62 konteyner (20, 40 və
45 futluq) çatdıracaq. Daşımanın operatoru “Azərbaycan Dəmir Yolları” QSC-nin
törəmə şirkəti olan “ADY Konteyner” MMC-dir.

“ADY Konteyner” MMC-nin direktoru Natiq Cəfərov bildirib ki, Türkmənistan,
Qırğızıstan, Özbəkistan və Əfqanıstan üzərindən yükdaşımaların həyata
keçirilməsi üçün nəzərdə tutulmuş “Balkan” gəmisi həftədə bir dəfə fəaliyyət
göstərəcək. Daşınan yükün həcmi artarsa, gəminin həftədə iki dəfə istifadəsi
nəzərdə tutulur. Prosesə “ADY Konteyner”lə yanaşı, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Türkiyənin logistika mərkəzi dəstək verir.

Növbəti mərhələdə Türkiyənin İstanbul şəhərindən, eləcə də Mersin limanından
qatarlar Bakı Limanına gətirilərək gəmilərə yüklənəcək, sonra Orta Asiyaya
daşınacaq. “ADY Konteyner” MMC-nin direktoru fider tipli Balkan gəmisinin
postkoronavirus dövründə də fəaliyyət göstərməsi imkanlarına münasibət bildirib.
Qeyd edib ki, gəmidən istifadə olunması hazırda pandemiyanın yükdaşıma
sahəsinə mənfi təsirinin azaldılması istiqamətində görülmüş tədbir sayılır.
Konteynerləşdirmə prosesi davam etdikcə, gəminin istifadəsi daimi xidmət
xarakteri daşıyacaq.

ƏvvəlkiBaş Nazir kasıb tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərar verdi
NövbətiAzərbaycanda elektrik enerjisindən güzəştli istifadə limiti artırıldı