Azərbaycanın ağır atletika üzrə yeniyetmə oğlan və qızlardan ibarət yığma komandası 6-13 oktyabr tarixlərində Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin 3-cü Olimpiya Oyunlarına daha bir lisenziya əldə edib.
Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) Trend-ə verilən məlumata görə, bu barədə Beynəlxalq Ağır Atletika Federasiyasından (IWF) AAAF-a məktub daxil olub. Lisenziya 1 (bir) qız idmançımız üçün nəzərdə tutulub.
Ötən ilin aprelində Tailandın paytaxtı Banqkokda keçirilən yeniyetmələrdən ibarət dünya birinciliyində oğlanlardan ibarət yığma komandamız ümumi sıralamada 9-cü yeri tutaraq Olimpiya Oyunlarına bir lisenziya əldə etmişdi. Dünən daxil olan məktubla bu dəfə qızlardan ibarət komandamızın bir üzvünə eyni şans verilib. Nəticədə lisenziya sayımız 2-yə çatıb.