“Yeddilik Qrupu” ölkələri Rusiya neftinin qiymət həddi ilə bağlı razılığa gəliblər

“Yeddilik Qrupu” (G7) ölkələri, Avropa İttifaqı və Avstraliya dekabrın 5-dən öz ərazilərindən və gəmiləri ilə daşınan Rusiya neftinin qiymətini bir barel üçün 60 dollar həddində olması barədə razılığa gəliblər.

“Report” xəbər verir ki, bu barədə Avropa Komissiyasının yayılan bəyanatında və izahat sənədlərində deyilir.

Qeyd olunub ki, “Yeddilik Qrupu” ölkələri Rusiya neftinin qiymət həddi ilə bağlı razılığa gəliblər və Avropa İttifaqı Şurası da paralel olaraq bu qərarı təsdiqləyib.

“Qiymət həddi bir barel üçün 60 dollar səviyyəsində müəyyən ediləcək və bazar dəyişikliklərinə uyğun olaraq tənzimlənəcək. Qərar xam neft üçün dekabrın 5-dən, neft məhsulları üçün isə fevralın 5-dən qüvvəyə minəcək” – deyə, məlumatda vurğulanıb.

Vurğulanıb ki, dekabrın 5-dək yüklənmiş və yanvarın 19-dək təyinat limanında boşaldılan gəmilər üçün dənizdən tədarük edilən Rusiya nefti üçün 45 günlük güzəşt müddəti olacaq.

Avropa Komissiyası əlavə edib ki, Rusiya neftinin Aİ ölkələrinə tədarükünə qoyulan embarqo dekabrın 5-də qüvvəyə minəcək, lakin Aİ tankerləri nefti yalnız qiymət həddindən aşağı satıldığı təqdirdə üçüncü ölkələrə daşıya biləcək.