Xalq artisti Fərhad Bədəlbəylinin 75 illiyi qeyd olunub

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) dünya şöhrətli pianoçu, SSRİ və Azərbaycanın Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin 75 illik yubileyi təntənəli şəkildə qeyd olunub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin yubilyara təbriki elan olunub. Prezident tərəfindən Fərhad Bədəlbəylinin Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinin “Şərəf” ordeni ilə təltif olunması musiqisevərlər tərəfindən böyük sevinclə qarşılanıb.

BMA-nın Nəfəs və zərb alətləri kafedrasının tələbə orkestri (bədii rəhbər Əməkdar incəsənət xadimi Rüfət Axundzadə) çıxış edib.

Sonra Əməkdar artist, dirijor Fuad İbrahimovun rəhbərliyi altında Bakı Kamera Orkestrinin ifasında İohan Sebastian Baxının “Brandenburq” konserti səsləndirilib.

Tədbirdə Xalq artisti, professor Yeganə Axundova, Əməkdar müəllim, professor Nərminə Quliyeva, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, prorektor Tahir Fərəcov, Xalq artisti Xuraman Qasımova, Xalq artisti Roza Cəlilova və Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov və başqaları çıxışlarında yubilyarı təbrik ediblər.

Sonra səhnəyə dəvət olunan Xalq artistləri Fərhad Bədəlbəyli və Azərbaycan Dövlət Akademik Filarmoniyasının müdiri Murad Adıgözəlzadənin möhtəşəm dueti dinləyicilərin zövqünü oxşayıb.

Rəngarəng konsert gecəsində Xalq artisti Mənsum İbrahimov, yubilyarın piano sinfinin yetirmələri çıxış ediblər.

Sonda Fərhad Bədəlbəyli təbriklərə, xoş arzulara görə hər kəsə dərin minnətdarlığını və təşəkkürünü bildirib.