XƏZƏR ÜZRƏ RAZILAŞMA — BAKININ BÖYÜK DİPLOMATİK UĞURU!

Avqustun 12-də Azərbaycan, Rusiya, Qazaxıstan, İran və Türkmənistan prezidentləri Aktau şəhərində Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyaya imza atıblar.

V Xəzər sammitinin yekununda İlham Əliyev, Vladimir Putin, Nursultan Nazarbayev, Həsən Ruhani və Qurbanqulı Berdıməhəmmədov öz imzaları ilə Xəzər dənizinin hüquqi statusunu müəyyən edən sənədi təsdiq ediblər.

Sənəd üzərində iş 1996-cı ildən aparılıb, Konvensiya layihəsi isə yekun olaraq Xəzəryanı ölkələrin XİN rəhbərlərinin 4-5 dekabr 2017-ci il tarixində Moskvada keçirilən müşavirəsində razılaşdırılıb.

Xəzəryanı dövlətlərin müvafiq qurumlarının rəhbərləri tərəfindən bu Konvensiyadan irəli gələn digər mühüm sənədlər – Xəzər dənizində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol, Xəzəryanı dövlətlərin hökumətləri arasında ticari-iqtisadi əməkdaşlıq haqqında Saziş, Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Saziş, Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında Saziş və sərhəd xidməti idarələrinin əməkdaşlığı və qarşılıqlı əlaqələri haqqında Protokol imzalanıb.

PROBLEMİN TARİXİ

SSRİ dövründə Xəzər məsələsi 26 fevral 1921-ci il və 25 mart 1940-cı il Sovet-İran müqaviləsilə tənzimlənirdi. Müqavilələrə əsasən dəniz akvatoriyası boyunca gəmilərin hərəkəti və balıqçılığın azad olmasına zəmanət verilirdi (“ümumi su” prinsipi). Amma iki dövlətin (İran və SSRİ) sərhəd sahillərindən 10 millik balıqçılıq zonası istisna təşkil edirdi. Xəzərdə hərbi fəaliyyət, tranzit və təbii mühitin qorunması problemləri yox idi. Unutmayaq ki, hər iki müqavilə SSRİ-nin birbaşa hərbi təhdidi və İranın zəifliyi dövründə imzalanmışdı. Faktiki olaraq bu müqavilələr İran tərəfindən ədalətsiz və məcburi sayılırdı.

Lakin SSRİ dağıldı və yeni yaranmış dövlətlər öz payının müəyyənləşməsini tələb edirdilər.

İyirmi iki il beş Xəzər ölkəsi arasında aparılan danışıqlarda əsasən milli dövlətlərin mənafeləri ilə Rusiya və İranın mənafeləri düz gəlmirdi, Rusiyanın və İranın da öz aralarında mənafe toqquşmaları da var idi.

22 İLLİK ZİDDİYYƏTLƏR VƏ MİLLİ MƏNAFELƏR

Azərbaycan, Qazaxstan və Türkmənistan Xəzərin “modifikasiya edilmiş orta xətt” boyunca bölüşdürülməsini təklif edirdilər. “Xəttin” hər bir nöqtəsi bu dövlətin sahillərində ən yaxın nöqtələrdən bərabər məsafədə yerləşməli idi.

İran təklif edirdi ki, Xəzər 5 bərabər sektorlara (20%) bölünsün. İran qətiyyətlə Xəzər barədə ikitərəfli sazişlərin bağlanmasına qarşı çıxış edirdi və bunu qəbul etməyəcəyini bildirirdi.

Rusiya Xəzər dənizinin təkinin və şelfinin bölünməsinin tərəfdarı, amma onun akvatoriyasının bölünməsi əleyhədarı idi. Çünki bu halda 70 il ərzində mövcud olmuş hövzədən təsərrüfat üçün istifadənin rejiminə yenidən baxılmalı olacaqdı.

Dənizin hüquqi statusu barədə Konvensiya üzrə iş hələ 1996-cı ildə başladı. Hər bir Xəzəryanı dövlətin xarici işlər nazirlərinin müavinləri yaradılmış Xüsusi İşçi Qrupda təmsil olunurdu.  “Beşlik” formatında problemlər həll edilmədiyindən tərəflər 3 və ya 4 formatı da seçirdilər. 1998 və 2001-ci ildə Rusiya, Qazaxıstan və Azərbaycan arasında Xəzərin dibi və təki barədə razılaşma əldə edildi; dəniz hövzəsi ümumi istifadədə qaldı, bölünmə orta xətt metodu ilə aparılırdı.

2003- cü ildə Rusiya, Qazaxıstan və Azərbaycan Xəzər dənizi dibinin toxunma nöqtəsi barədə Razılaşmaya imza atdılar. Müqaviləyə əsasən, Xəzər dənizinin dibindən Rusiyaya — 19%, Qazaxıstana — 29%, Azərbaycana — 20%  pay düşürdü. 2014-cü ildə Qazaxıstan və Türkmənistan arasında analoji razılaşma baş tutdu. Amma Azərbaycan və Türkmənistan arasında razılaşma uzun müddət alınmırdı.

İndiyədək Xəzər dənizi üzrə dövlətlərin 4 sammiti keçirilmişdi. Avqustun 12-də Aktauda keçirilən beşinci zirvə görüşü həlledici oldu.

RAZILAŞDIRILMIŞ YEKUN PRİNSSİPLƏR

1) Hər bir tərəf eni 15 mildən çox olmayan ərazi sularını təyin edir. Ona daha 10 mil eni olan balıqçılıq zonası əlavə edilir. Konvensiyaya görə, ərazi sularına bitişik başlanğıc düz xətlərin təyini metodikası ayrıca razılaşma ilə gerçəkləşəcək.

2) Hər bir dövlət öz ərazi və balıqçılıq sularında bioloji resurslar, dənizin dibi və təkinin istismarı üçün dəniz elmi tədqiqatlarını keçirmək, requlə etmək kimi müstəsna hüquqa malikdir.

3) Tərəflər Xəzər dənizinin dibi ilə sualtı kabel və boru xətlərini, sualtı magistral boru xətlərini inşa  edə bilərlər. Yalnız — bu layihələrin beynəlxalq ekoloji tələb və standartlara cavab verməsi şərti altında. Əgər bu boru və kabellər yalnız 2-dən 4-dək tərəfin sualtı ərazilərindən keçirsə, beşliyin icazəsini almaq tələb olunmur, tərəflər öz aralarında bu problemi həll edirlər.

4) Xəzər dənizində üçüncü dövlətlərin hərbi qüvvələri ola bilməz. Burada gəmilər yalnız Xəzər dövlətlərinin bayrağı altında üzməlidir. Dənizdə tərəf ölkələrinə qarşı hərbi bazaların yaradılması qadağandır.

HƏLL EDİLMƏYƏN PROBLEMLƏR

Xəzərin “dəniz” və ya “göl” olması məsələsi açıq qaldı. Konvensiyaya görə, Xəzər — “quru ərazilərlə əhatə olunmuş su hövzəsidir”. Yəni, dəniz qanunları burada işləmir.

Dənizin dibi üzrə sərhədlərə bölünmə açıq qaldı. Mətndə göstərilir ki, tərəflər yandakı və qarşıdakı qonşu ilə Xəzərin dibi və təkinin bölüşdürülmə razılaşmasına gələ bilər və bu razılaşma hüququn ümumi qəbul edilmiş prinsip və normlarına uyğun olmalıdır. Problem ondadır ki, mövcud hüquqi prinsip və normalar “dəniz”, “göl” və d. anlamında olan su hövzələrinə aiddir, amma təsnifi olmayan, qeyri-müəyyən “su hövzəsi” anlamına aid deyil.

RUSİYA VƏ İRANIN QAZANCINA BİRMƏNALI OLMAYAN BAXIŞLAR

Rusiya XİN başçısı S.Lavrov Konvensiyanın Rusiyanın milli maraqlarına tam cavab verdiyini bildirdi. Həmçinin, Qərbin bir sıra KİV-ləri də bu Konvensiyanı Moskvanın qələbəsi kimi dəyərləndirməkdədir. Amma Rusiyanın özündə Konvensiyanın imzalanmasına münasibət birmənalı deyil.

Bəzi rus millətçiləri bildirirlər ki, rus çarının  Məmləkəti Qacarla, rus bolşeviklərinin Məmləkəti Qacar və sonrakı Pəhləvi İranı ilə müqavilələrinə görə, Rusiyanın qazandığı Xəzər üzrə 90%-lik nəzarət əldən verildi.

İran da  uzun müddət tələb etdiyi 20 %-lik ərazi suları iddiasından (Xəzərin sərhəd ölkələrin sahillərinin payına uyğun “bərabər bölüşdürülməsi”) əl çəkdi. Amma Məmləkəti Qacarların rus çarı ilə bağladığı sazişdən bu günə qədər Tehran ilk dəfə daha böyük səlahiyyətlər və hüquqlar əldə etdi.

İstər Rusiya və istərsə də İranın mövqelərində güzəşt və Konvensiyanın imzalanmasını sürətləndirən əsas səbəb —Xəzəryanı digər 3 dövlətlərin ərazi sularında NATO və əsasən də, ABŞ-ın hərbi bazasının yaradılması təhlükəsinin qarşısını almaq idi.

Azərbaycanın, Türkmənistanın və Qazaxıstanın sualtı boru kəmərinin inşa hüquqlarının tanınmasının digər səbəbi də Çinin “İpək yolu iqtisadi kəməri” layihəsinin güclənməsi idi. Çünki Çin Xəzər akvatoriyasına daxil olmaq üçün güclü istəyə və potensiala malik idi.

AZƏRBAYCANIN QAZANCI

Azərbaycan Respublikasının Xəzər dənizində öz ərazi sularına, şelfinə, dib və təkinə olan hüquqları təsbit və təsdiq edildi. Azərbaycana, Türkmənistana, Qazaxıstana Konvensiyada əsas digər lazım olan şərt — Xəzərin dibi ilə enerji resursların nəqli üçün boru xətlərinin çəkilməsinə müstəsna hüququn təsbit olunması idi və buna da nail olundu.

Doğrudur, göstərildiyi kimi Konvensiyada boşluqlar var, amma onlar zamanla aradan qalxacaqdır.

Düzdür, indi bəzi erməni politoloqlar Xəzər müqaviləsini “ermənistana” vurulmuş zərbə kimi dəyərləndirirlər. Əslində, axı, bu “ermənistan” adlı qondarma qurum nədir ki, hələ onun nə isə “mənafeləri”, “imici” və “təhlükəsizliyi” olsun?!

Azərbaycan üçün bu saziş böyük geopolitik mənaya malik diplomatik qələbədir! Birmənalı və təkzib edilməz olaraq!

Alptegin

“Millətçilik” qəzeti

Əvvəlki“Açıq Hökumət Tərəfdaşlı Təşəbbüsü” bu dəfə İmişli sakinləri arasında təbliğ olundu
NövbətiABŞ hərbi paradı təxirə saldı