Veteranlar 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər

Yanvarın 18-də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri 20 Yanvar – Ümumxalq Hüzn Gününün 33-cü ildönümü ilə əlaqədar olaraq Şəhidlər xiyabanını, o cümlədən “Əbədi məşəl” abidəsini ziyarət edib, şəhid məzarlarına gül dəstələri qoyublar.

Respublika Veteranlar Təşkilatından AZƏRTAC-a bildiriblər ki, polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə gerçəkləşən ziyarət zamanı veteranlar azyaşlı məktəblilərlə də həmsöhbət olub, şəhidlərimizin qəhrəmanlığı, göstərdikləri şücaətlər haqqında onlara ətraflı məlumat veriblər.

Sonra veteranlar “Türk şəhidliyi” abidəsini ziyarət edib, vətənimizin azadlığı uğrunda canından keçən türk şəhidlərini ehtiram hissi ilə anıblar.

“Türk şəhidliyi” abidəsi önünə qərənfillər qoyan veteranlar, bütün şəhidlərin ruhuna dualar oxuyub, onların sevgisinin xalqımızın qəlbində əbədi yaşayacağını bildiriblər.