Ukraynada hərbi vəziyyət başa çatdı

Prezident Petro Poroşenko Ukraynada hərbi vəziyyətin başa çatdığını rəsmən elan edib.

AZƏRTAC xəbər verir ki, Petro Poroşenko bunu Ukraynanın Müdafiə və Təhlükəsizlik Milli Şurasının iclasında bəyan edib: “Ukraynada hərbi vəziyyətin müddəti uzadılmayacaq. Dekabrın 26-da yerli vaxtla saat 14:00-da hərbi vəziyyətin müddəti başa çatıb”.

Qeyd edək ki, noyabrın 26-da otuz gün müddətinə Ukraynanın Odessa, Sumı, Xarkov, Nikolayev, Çerniqov, Vinnitsa, Luqansk, Herson, Donetsk, Zaporojye vilayətlərində, həmçinin Azov dənizində hərbi vəziyyət tətbiq edilmişdi.

Ukrayna Prezidentinin Ali Radaya təqdim etdiyi sənəddə ölkədə hərbi vəziyyətin 60 gün olması təklifi irəli sürülmüş, lakin Ali Radada aparılan məsləhətləşmələrdən sonra sənədə dəyişiklik olunmuşdu.

Xatırladaq ki, noyabrın 25-də səhər saatlarında Rusiya dəniz qüvvələrinə məxsus gəmilərin Kerç körfəzindən çıxan Ukrayna hərbi dəniz qüvvələrinə aid gəmi qrupuna atəş açması tərəflər arasında ciddi qarşıdurmaya gətirib çıxarıb. Ukrayna beynəlxalq təşkilatları Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyə çağırıb.