UEFA Millətlər Liqası: AVRO-2020-yə son 4 vəsiqə uğrunda mübarizə aparacaq komandalar dəqiqləşib

UEFA Millətlər Liqasında AVRO-2020-yə son 4 vəsiqə uğrunda pley-offda mübarizə aparacaq bütün komandalar müəyyənləşib.

“Report” xəbər verir ki, yekun “16-lıq” seçmə mərhələ başa çatandan sonra dəqiqləşib. Bunlar İslandiya, Bosniya və Herseqovina, Slovakiya, İrlandiya, Şimali İrlandiya, Şotlandiya, Norveç, Serbiya, Bolqarıstan, İsrail, Macarıstan, Rumıniya, Gürcüstan, Şimali Makedoniya, Kosova və Belarus yığma komandalarıdır.

A, B, C və D yolunda yer alacaq kollektivlər yarımfinal və final oyunlarında iştirak edəcəklər. Hər dörd qrupun qalibi Avropa çempionatına vəsiqə qazanacaq.

B yolunda yarımfinallarda Bosniya və Herseqovina Şimali İrlandiya ilə, Slovakiya isə İrlandiya ilə qarşılaşacaq. Azərbaycan millisinin yer aldığı D yolunda 3-cü qrupun qalibi olan Kosovo Şimali Makedoniya ilə üz-üzə gələcək. Gürcüstan isə Belarusla görüşəcək.

C yolunda Norveç Serbiya ilə qarşılaşacaq. Şotlandiyanın rəqibi isə püşkdən sonra müəyyənləşəcək. Rəqib Bolqarıstan, İsrail, Macarsıtan və Rumıniya ola bilər. Qalan 3 komanda isə İslaniya ilə birgə A yolunda yer alacaqlar. Burada da rəqiblər püşkə əsasən bəlli olacaq.

Yarımfinallar gələn il martın 26-da, final matçları isə 31-də keçiriləcək.

A yolu

İslandiya – Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya

Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya – Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya

B yolu

Bosniya və Herseqovina – Şimali İrlandiya

Slovakiya – İrlandiya

C yolu

Şotlandiya – Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya

Norveç – Serbiya

D yolu

Gürcüstan – Belarus

Şimali Makedonya – Kosovo

Qeyd edək ki, Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə 24 komandanın iştirakı ilə qitənin 12 şəhərində – Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq. Artıq 20 komanda seçmə mərhələ vasitəsi ilə AVRO-2020-yə vəsiqə qazanıb. Bunlar Belçika, İtaliya, İngiltərə, Almaniya, İspaniya, Ukrayna, Fransa, Polşa, İsveçrə, Xorvatiya, Hollandiya, Rusiya, Portuqaliya, Türkiyə, Danimarka, Avstriya, İsveç, Çexiya, Uels və Finlandiyadır.

İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması Bakı Olimpiya Stadionunda baş tutacaq.

ƏvvəlkiErməni tərəfi atəşkəs rejimini 23 dəfə pozub
NövbətiAzərbaycanın və Qazaxıstanın Baş nazirləri Aktauda iki ölkə arasında fiber-optik rabitə xəttinin təməlqoyma mərasimində iştirak ediblər