Üç güləşçimiz dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq

Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, ikinci yarış günündə – sentyabrın 11-də yunan-Roma güləşi üzrə millinin 4 üzvü mübarizəyə qoşulub.

Güləşçimiz Taleh Məmmədov (63 kq) səkkizdəbir finalda latviyalı Aleksandr Yurkyans üzərində əzmkar qələbə qazanıb – 7:3. Təcrübəli güləşçimiz növbəti mərhələdə finalda Olimpiya çempionu, kubalı Luis Alberto Sançesə qalib gəlib – 3:1. T.Məmmədov yarımfinalda serbiyalı Sebastyan Nada (0:5) məğlub olub. Güləşçimiz bürünc medal uğrunda yarışacaq.

Millimizin üzvü Həsrət Cəfərov ilk mərhələni güləşmədən adlayıb. Meksikalı Dieqo Martines yarışöncəsi zədələndiyi üçün həmyerlimiz birbaşa səkkizdəbir finala yüksəlib. H.Cəfərov bu mərhələdə yaponiyalı Katsuaki Endoya heç bir şans tanımayıb – 9:0. Gənc güləşçimiz dörddəbir finalda çinli Husiyetu Husiyetudan güclü olub – 7:0. İdmançımız finalın bir addımlığında Avropa çempionu və dünya üçüncüsü Mate Nemeşlə qarşılaşıb. Təmsilçimiz serbiyalı rəqibinə 2:5 hesabıyla məğlub olub. Millimizin üzvü bürünc medal üçün mübarizə aparacaq.

Yığmamızın üzvü Rafiq Hüseynov (82 kq) səkkizdəbir finalda yaponiyalı Yuya Okajima üzərində 7:1 hesablı qələbə qazanıb. Ancaq dünya və Avropa çempionumuz növbəti mərhələdə özbəkistanlı Jalqasbay Berdimuratova məğlub olub – 0:11. Ancaq rəqib finaladək irəlilədiyi üçün R.Hüseynov təsəlliverici görüşə çıxacaq.

Arif Niftullayev (97 kq) debütdə son Avropa çempionatının bürünc medalçısı Daniel Qastla (Avstriya) 3:2 hesabı ilə qalib gəlib. A.Niftullayev səkkizdəbir finalda litvalı Vilius Laurjnaytisi vaxtından əvvəl məğlub edib – 8:0. Güləşçimiz daha sonra macarıstanlı Aleks Sokeyə tam üstünlüklə (10:2) qalib gələrək adını yarımfinala yazdırıb. Həmyerlimiz finalın bir addımlığında bolqarıstanlı Kiril Milovla qarşılaşıb. Təmsilçimiz ilk hissəni 3:0 hesabı ilə öndə tamamlasa da, ikinci hissədə təşəbbüsü əldən verib. Avropa çempionu və dünya ikincisi olmuş rəqibinə “tuşe” ilə uduzan güləşçimiz bürünc medal uğrunda güləşəcək.

Bu çəki dərəcələrində təsəlliverici görüşlər və medal qarşılaşmaları sentyabrın 12-də keçiriləcək.

ƏvvəlkiSentyabrın 11-də Azərbaycanda COVID-19 əleyhinə 1234 doza vaksin vurulub
NövbətiHərbi Tibb Fakültəsində andiçmə mərasimi keçirilib