Türkiyədə sükut günü başlayıb, təbliğat dayandırılıb

Türkiyədə prezident və parlament seçkilərində təbliğat kampaniyası bu gün yerli vaxtla saat 18:00-da dayandırılıb.

“Report” xəbər verir ki, prezidentliyə namizədlər və siyasi partiya nümayəndələri son çıxışlarını TRT telekanalları və radioları ilə ediblər. Parlament seçkilərinə qatılan 24 partiyanın təmsilçiləri saat 12:53-dən etibarən püşklə müəyyənləşən sıra ilə vədlərini seçicilərə çatdırıb.

Xatırladaq ki, Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkilərində 60 milyon 697 min 843 seçici səs verə biləcək. Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşlarının səsverməsi mayın 9-da başa çatıb, gömrük məntəqələrində səsvermə isə davam edir.

Dövlət başçısı postu uğrunda üç namizəd – hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparırlar. Məmləkət Partiyasının sədri Muharrem İncə seçkilərə üç gün qalmış namizədliyini geri götürüb.

Prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu keçiriləcək.

ƏvvəlkiAzərbaycanın üçqat paralimpiya çempionu Almaniyada növbəti medalı qazanıb
NövbətiYaponiya Ukrayna üçün 40 milyon dollara enerji avadanlıqları alacaq