Türkiyədə “Akkuyu” AES-in üçüncü reaktorunun təməlqoyma mərasimi keçirilib

Martın 10-da Türkiyənin ən böyük investisiya layihələri arasında yer alan “Akkuyu” Nüvə Elektrik Stansiyasının üçüncü reaktorunun təməlqoyma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin videokonfrans vasitəsilə iştirak ediblər.

Bu stansiyanı Türkiyə-Rusiya əməkdaşlığının rəmzlərindən biri adlandıran Vladimir Putin “Akkuyu” AES-in ümumilikdə dörd blokdan ibarət olacağını və 2023-cü ildə Türkiyə Respublikasının yaranmasının 100 illiyində istifadəyə veriləcəyini bildirib. Qeyd edilib ki, COVİD-19 pandemiyası ilə əlaqədar yaranan bəzi çətinliklərə baxmayaraq, stansiyanın tikintisində gecikmələr olmayıb. Layihənin ərsəyə gəlməsində iştirak edən bütün heyət üzvlərinin təhlükəsizliyi üçün hər cür tədbir görülüb və hazırda işçi sayı səkkiz min nəfərə çatdırılıb.

Türkiyədə ilk atom elektrik stansiyası olan “Akkuyu”nun dördüncü reaktorunun təməlinin gələn il qoyulacağını bildirən Rəcəb Tayyib Ərdoğan bununla da ölkəsinin enerji baxımından gələcəyinin təminat altına alınacağını vurğulayıb. “Akkuyu” AES İllik 35 milyard kilovatsaat elektrik enerjisi istehsal edərək Türkiyənin tələbatının təxminən 10 faizini ödəyəcək. Stansiyanın ilk reaktorunun 2023-cü ildə işə salınması planlaşdırılır.

Türkiyə-Rusiya əməkdaşlığının bütün sahələr üzrə inkişaf etdiyini vurğulayan Prezident Ərdoğan qeyd edib ki, başda Qarabağ və Suriya məsələləri olmaqla iki ölkə arasında dialoq öz bəhrəsini verib.

Qeyd edək ki, Türkiyə ilə Rusiya arasında 2010-cu ilin mayında imzalanan anlaşmaya əsasən Mersin vilayətinin Böyükeceli bölgəsində inşası davam edən stansiyanın ilk reaktorunun təməli 2018-ci il aprelin 3-də qoyulub. İkinci reaktorun tikintisinə isə ötən ilin aprelində başlanılıb.

ƏvvəlkiDYP-dən xəbərdarlıq: Lüzumsuz siqnal verən sürücülər cərimələnəcək
NövbətiTeledərslərin martın 12-nə olan cədvəli açıqlanıb