Türkiyə ABŞ-ın terrorla bağlı hesabatındakı bir sıra məqamlara kəskin etirazını ifadə edib

ABŞ-ın 2018-ci ilə dair terrorla bağlı hesabatında YPG terror təşkilatının adının çəkilməməsi Türkiyənin kəskin etirazına səbəb olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy açıqlama verib. Bildirilir ki, sözügedən hesabatda ABŞ tərəfi Türkiyənin İŞİD və PKK terror təşkilatları ilə mübarizəsini, eləcə də Beynəlxalq Koalisiya Qüvvələri ilə əməkdaşlığını yüksək dəyərləndirib. Həmçinin, hesabatda diqqətə çatdırılıb ki, xarici terror təşkilatları sırasında yer alan PKK 2015-2018-ci illərdə Türkiyədə polis, hərbçi və mülki şəxslər daxil olmaqla 1200-dən çox insanı öldürüb. Lakin təəssüf ki, hesabatda YPG terror təşkilatının adı çəkilmir. Bunun yerinə “PKK-nın Suriyadakı əlaqələri” ifadəsindən istifadə olunub. Bildirilir ki, bu hazırda YPG ilə əlaqələrini kəsən ABŞ-ın hüquqazidd əməlini gizlətmək cəhdidir.

Bundan başqa, H.Aksoy hesabatda FETÖ-nün başçısının “sürgündə olan din adamı” kimi təqdim olunmasına da etiraz ifadə edib. Bildirilir ki, qeyd olunan yanaşma təkcə Türkiyə üçün deyil, təmsil olunduğu bütün ölkələr üçün təhlükə mənbəyi olan FETÖ-nün 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhd etməsini görməməzliyə vurmaq cəhdidir. Eyni zamanda, bu mövqe özünün ABŞ-da təhlükəsiz sığınacaq tapan FETÖ başçısına dəstək verməyin təzahürüdür. Diqqətə çatdırılır ki, 2016-cı il 15 iyulun tarixli dövlət çevrilişinə cəhd nəticəsində Türkiyədə 251 nəfər günahsız insan həlak olub.