Türkdilli dövlətlərin siyasətinə dəstək fondu Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı hücumları pisləyib

Qırğızıstanda fəaliyyət göstərən Türkdilli dövlətlərin siyasətinə dəstək fondu xarici ölkələrdə Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı hücumlara son qoyulmasını tələb edən bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda etnik zəmində nifrət və bundan irəli gələn soyqırımı və terror siyasəti həyata keçirən Ermənistanın hələ də insan hüquqlarını kobud şəkildə pozduğu, uzun illərdən bəri Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürməklə bərabər, təxribatlar törətməkdə davam etdiyi vurğulanıb. Diqqətə çatdırılıb ki, Livanda yaşayan erməni əsilli ekstremist qüvvələrin bu günlərdə “aksiya” keçirmək adı ilə Beyrut şəhərində Azərbaycan səfirliyinin qarşısına toplanaraq səfirlik binasına hücum etməyə və azərbaycanlı diplomatların həyatlarına yönəlmiş qəsdlərə cəhd göstərmələri faktı bunu bir daha əyani şəkildə təsdiqlədi. Belə hallar Amerika Birləşmiş Ştatları və Fransadakı səfirliklərimiz qarşısında da yaşanıb. Xüsusilə Fransada “dinc aksiya” keçirmək adı ilə radikal formada Azərbaycan səfirliyinin binasına daxil olmağa cəhd edilib, vandalizm xarakterli əməllər törədilib. Təəssüf ki, səfirlik binası və diplomatların mühafizəsi beynəlxalq hüququn tələblərinə uyğun şəkildə təmin edilməyib. Bu isə dövlətlərin beynəlxalq hüquqla üzərinə götürdüyü öhdəliklərin pozulması deməkdir.

Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə edilmiş bu hücumlar beynəlxalq hüququn, xüsusilə də BMT tərəfindən qəbul edilmiş “Diplomatik əlaqələr haqqında” 1961-ci il tarixli Vyana Konvensiyasının, “Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” 1973-cü il tarixli Konvensiyasının kobud pozuntusuna gətirib çıxarır.

Ermənistanda və onun sərhədlərindən kənarda azərbaycanlılara qarşı dözümsüzlük mühitinin formalaşmasına səbəb olan, tərəflər arasında dayanıqlı sülhün təmin edilməsinə maneə yaradan belə xoşagəlməz hadisələri, eyni zamanda, erməni əsilli şəxslər tərəfindən açıq çıxışlarda, sosial mediada düşmənçiliyi təşviq edən nifrət və kin dolu ifadələrin işlənməsini kəskin şəkildə pisləyir, onun qarşısının alınmasını tələb edirik.

Etnik mənsubiyyətə görə ayrı-seçkiliyə yol verməməyə və azərbaycanlılara qarşı nifrət siyasətindən tez bir zamanda əl çəkməsini Ermənistan hökumətinin üzərinə götürdüyü beynəlxalq öhdəliklərə riayət etməyə çağırırıq.

Biz fond olaraq bu cür hücumların digər ölkələrdə də baş verə biləcəyini nəzərə almaqla, beynəlxalq ictimaiyyətə və azərbaycanlı diplomatların fəaliyyət göstərdiyi dövlətlərə müraciət ünvanlayaraq, Ermənistanın siyasi-hərbi rəhbərliyinin təhriki ilə törədilən və tərəflər arasında etnik zəmində düşmənçiliyi təşviq edən, insanların həyat və sağlamlığına qəsd edən təxribatların qarşısının alınmasında, o cümlədən səfirliklərin, diplomatik nümayəndəliklərin mühafizəsinin təmin olunmasında beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn tədbirlərin görülməsini tələb edirik.

Onu da xatırladaq ki, səfirliklərimizə edilən hər bir hücuma diasporumuz adekvat cavab vermək iqtidarındadır”.

Qeyd edək ki, bəyanat bir çox ölkələrin Xarici İşlər nazirliklərinə göndərilib.