Tbilisidə Xocalı soyqırımını tanıtım aksiyası keçirildi

Gürcüstanın paytaxtı Tbilisidə Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı tanıtım aksiyası keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, aksiyada “Xocalıya ədalət” yazılı jiletlər geyinən azərbaycanlı gənclər şəhər sakinlərinə Xocalı qətliamı, Dağlıq Qarabağ münaqişəsinin tarixi və işğal altında olan rayonlar barədə məlumatların əks olunduğu gürcü dilində hazırlanan broşürlər paylayıblar.

Tbilisinin mərkəzində baş tutan aksiyada Gürcüstan ərazilərinin işğal faktına da diqqət çəkilib, ingilis və gürcü dillərində “İşğala yox!” şüarı səsləndirilib.

Maarifləndirmə aksiyası Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təşviqat kampaniyasına dəstək məqsədi daşıyıb.

Aksiya çərçivəsində kamançada həzin musiqilər ifa olunub, iştirakçılar Azərbaycan, gürcü və ingilis dillərində “Xocalıya ədalət!” şüarı səsləndiriblər.

Aksiya Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Mərkəzinin təşəbbüs və dəstəyi, “Azərkitab” Kitab Mərkəzi və Gürcüstanın azərbaycanlı gənclərinin təmsil olunduğu Millətçi Gənclər Təşkilatının təşkilatçılığı ilə baş tutub.

ƏvvəlkiNaxçıvan Ali Məclisinə sədr seçildi
NövbətiBeynəlxalq Cochlear implant günü ilə bağlı “Cochlear Azerbaijan” tərəfindən tədbir təşkil olunacaq