Tərtər şəhərində şəhidlərin adını daşıyan küçələrdə təmir işləri aparılıb

Tərtər şəhərində Milli Qəhrəman, general-mayor şəhid Polad Həşimovun, Vətən müharibəsi şəhidləri Aslan Hüseynovun, Ruslan Şahbazovun, Azər Şəmilovun, Qəmbər Qəmbərlinin, Sənan Məmmədlinin, Aysənan Abbasovun adlarını daşıyan küçələrdə təmir işləri aparılıb. Küçələrdə abadlıq işləri görülüb, səliqə-sahman yaradılıb, şəhidlərin barelyefləri quraşdırılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər və veteranlar şəhidlərin adlarını daşıyan küçələrdə olublar. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimiz bizim üçün əzizdir, onların xatirəsi əbədiləşdirilir, adlarına küçələr, məktəblər, sinif otaqları verilir, bulaqlar tikilir. Tərtər şəhərində 32 küçəyə şəhid adı verilib və 15 küçənin girişində onların barelyefi qoyulub.

M.Məmmədov şəhidlərin valideynlərinə Vətənə layiqli övlad böyütdükləri üçün öz təşəkkürünü bildirib, Vətən yolunda, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsinin həmişə qəlblərdə yaşayacağını vurğulayıb.

Diqqətə çatdırılıb ki, artıq Qarabağ tam azaddır. Sentyabrın 19-da Qarabağda aparılan lokal antiterror tədbirləri nəticəsində ərazi separatçılardan təmizlənir. Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsində qələbəmizdən sonra Azərbaycan xalqına tarixi müraciətində dediyi kimi biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdik. Biz ərazi bütövlüyümüzü bərpa etdik. Biz işğala son qoyduq.

Şəhidlərin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

ƏvvəlkiFHN: Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsindəki yanğın söndürülüb
NövbətiMa Çi: “Çin rəqəmsal iqtisadiyyat sahəsində təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır”