Suyun keyfiyyəti ilə bağlı monitorinq nöqtələrinin sayı artırılıb

Bu gün Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunda Azərbaycanda su təhlükəsizliyi: görülmüş işlər, mövcud vəziyyət və perspektivlər” mövzusunda tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov Azərbaycanda yeni yaradılan su anbarları, onlardan suvarma və içmək məqsədilə istifadə səviyyəsindən danışıb.

Bildirib ki, Şəmkirçay və Taxta Körpü su anbarları Azərbaycanda əkin sahələrinin dövriyyəyə cəlb olunmasında, həm də içməli su ehtiyatının artırılmasına xüsusi töhvə verib:

“Taxta körpü su anbarı və Taxta Körpü-Ceyranbatan su kanalının istifadəyə verilməsi Ceyranbatan sutəmizləyici qurğularının bu gün xammal su ilə təminatına imkan verib. Eyni zamanda bu gün Şəmkirçay su anbarında yeni sutəmizləyici qurğu tikilir. Həmin qurğu gələcəkdə Şəmkir, Samux və ətraf ərazilərin su təchizatına hesablanıb. Qış aylarında artıq sular həmin su anbarlarda toplanaraq həm əkin sahələrinin sulanmasına, həm də əhalinin içməli su təminatına yardım edəcək”.

Tədbirdə çıxış edən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin şöbə müdiri Elkin Rüstəmov bildirib ki, təmsil etdiyi qurum ölkə əhalisinin içməli su ilə tam təmin olunması üçün tədbirlərini davam etdirir: “Əhalinin içməli su ilə təmin olunması üçün Oğuz-Qəbələ-Bakı su kəməri, Ceyranbatan Ultrasutəmizləyici Qurğular Kompleksi vasitəsilə Bakı və Abşeron yarımadasının içməli su ilə təmin olunur. Digər su mənbələri vasitəsilə isə regionlarda su problemi aradan qaldırılıb. Xanbulan, Quba, Mingəçevir, Ağstafa və Qobustan sutəmizləyici qurğuları vasitələrilə regionların su problemi həllini tapıb. Hazırda Şəmkirçay sutəmizləyici qurğusunun tikintisi davam edir. Qlobaliqlimdəyişmə nəticəsində Azərbaycanda da su ehtiyatının azalmasının qarşısını almaq üçün ” ASC Azərsu” Gədəbəy, Lerik və Tovuzda alternativ su mənbəyi tikərək istismara verib. Eyni zamanda Şamaxı şəhərinin su təminatı üçün Ağsuçayın məcrasında sutəmizləyici qurğunun inşası başa çatmaq üzrədir.

Elkin Rüstəmov qeyd edib ki, əhaliyə verilən suyun keyfiyyətinin standartlar çərçivəsində saxlanılması məqsədilə Ağstafa və Qobustanda yeni təmizləyici qurğular istismara verilib. Bunlarla yanaşı, Şəki şəhəri üçün də alternativ mənbənin yaradılmasına başlanılıb və bu məqsədlə subartezian quyuları qazılacaq”.

“Azərsu” ASC-nin Mərkəzi Labaratoriyasının müdiri Elçin Əliyev Azərbaycan əhalisinə verilən içməli suyun keyfiyyət standartlarına tam uyğun olduğunu xatırladaraq, mənbələrdən başlayaraq son istehlakçıya qədər onun keyfiyyətinin daim nəzarətdə saxlanıldığını bildirib. Onun sözlərinə görə Bakı şəhərində yaradılmış müasir laboratoriya, eləcə də 9 regional labortaoriya hər bir mənbədən götürülən suyun daim nəzarətdə saxlanmasını təmin edir. O, qeyd edib ki, bu laboratoriyalar yarandıqdan sonra içməli və tullantı sularının öyrənilən parametrlərinin sayı 39-dan 110-a, monitorinq nöqtələrinin sayı isə 7 dəfədən çox artırılaraq 1300-ə çatdırılıb.