Şüvəlanda təmizlik aksiyası təşkil edilib

İyunun 4-də çimərlik mövsümünün açılışı ilə əlaqədar 5 İyun – Ümumdünya Ətraf Mühit Günü və BMT-Azərbaycan tərəfdaşlığının 30-cu ildönümünə həsr olunmuş növbəti ənənəvi sahilyanı təmizlik aksiyası təşkil edilib.

Trend xəbər verir ki, IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Gənclər Fondu, “Təmiz Şəhər” ASC və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə

Şüvəlan çimərliyində reallaşan təmizlik aksiyasının əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və bütün gəncləri dəniz ətraf mühitinin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.

“Sahillər təmiz qalsın” şüarı altında keçirilən təmizlik aksiyası Xəzər dənizi sahillərində gənclərin kütləvi iştirakı ilə baş tutan sayca 17-ci aksiyadır. Tədbir zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları çimərlikdən tullantıları toplayıb və çeşidləyiblər. Daha sonra gənclər təmizlənmiş ərazidə musiqi sədaları altında əylənib, futbol, voleybol, badminton və digər oyunlarda özlərini sınayıblar.

 

 

Tullantıların toplanması prosesini daha effektiv təşkil etmək məqsədilə əraziyə xüsusi texnika cəlb olunub və bütün tullantılar Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil verilib.

IDEA İctimai Birliyi yerli və beynəlxalq tərəfdaşlarla birgə mütəmadi olaraq Azərbaycan və regionun su bioresurslarının qorunub saxlanılması, artırılması və mühafizəsi məqsədilə Xəzər sahillərində, Kür və digər çaylarda təmizlik aksiyaları təşkil edir. Bununla yanaşı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və yüzlərlə könüllünün iştirakı ilə baxımsız sahilyanı ərazilər tullantılardan təmizlənmiş və abadlaşdırılmış, paytaxtımızın Şıx, Goradil, Novxanı, Buzovna, Pirşağı və Sahil qəsəbələrində pulsuz ictimai çimərliklər yaradılıb. Sahil zonalarında insanların asudə vaxtının xoş keçirilməsi üçün lazımi şəraitin təmin edilməsi ilə yanaşı, təmizlik, təhlükəsizlik və rahatlığına görə nümunəvi olan ictimai çimərliklərin yaradılması cəmiyyətdə ekoloji və sosial məsuliyyətin təşviq edilməsinə yönəlib.

Bu il Ümumdünya Ətraf Mühit Günü “Yeganə planet” şüarı altında keçirilir. Bu xüsusda, IDEA İctimai Birliyi bir daha hər kəsi indiki və gələcək nəsillərin rifahı naminə birləşməyə və təbiətin bizə bəxş etdiyi nemətlərə həssas yanaşmağa çağırır.