Sumqayıtda top mərmisi aşkarlanıb

Oktyabrın 16-da saat 18:51-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən “Dörd Qardaş” restoranının yaxınlığında mərminin tapılması barədə məlumat daxil olub.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, məlumata əsasən ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri, Sumqayıt şəhər Polis İdarəsinin və Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən həmin ərazidə dəniz sahilinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 23 millimetrlik zenit top mərmisi (OFZ) aşkarlanıb, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Zenit top mərmisinin ətrafında 50 kvadrat əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

ƏvvəlkiPKK tərəfdarları Almaniyanın türk əslli vətəndaşını bıçaqlayıblar
NövbətiSuriyada zərərsizləşdirilən terrorçuların sayı 673-ə çatıb