Sumqayıtda şəhid Kərəm Zeynalovun xatirəsi anılıb

Avqustun 7-də Sumqayıt şəhərində Birinci Qarabağ müharibəsində şəhid olmuş Kərəm Əyyub oğlu Zeynalovun vəfatının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Şəhidin dəfn olunduğu Sumqayıt Şəhidlər xiyabanında təşkil edilən tədbirdə şəhidin ailə üzvləri ilə bərabər, onun döyüş yoldaşları, Sumqayıt Şəhər İcra Hakimiyyəti rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizədə canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tərlan Hacızadə, Sumqayıt şəhər Cümə məscidinin axundu hacı Rauf Sərdarov və başqaların çıxışlarında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsində qazandığı tarixi Zəfərdən danışılıb. Bildirilib ki, 44 günlük Vətən müharibəsi tariximizin ən parlaq səhifələrindən biri kimi xalqımızın milli iftixar və qürur mənbəyinə çevrilib. Qeyd edilib ki, bu xoş günü xalqımıza yaşadan igidlərimiz arasında hələ 30 il əvvəl düşmənə qarşı son damla qanına qədər vuruşmuş Birinci Qarabağ döyüşlərinin şəhidləri də var. Onların arasında kəşfiyyatçı Kərəm Zeynalovun da adı Azərbaycanın hərb tarixinə böyük həriflərlə yazılıb.

Diqqətə çatdırılıb ki, Kərəm Zeynalov 1967-ci il yanvarın 11-də Laçın rayonunun Yuxarı Fərəcan kəndində dünyaya gəlib. O, kənd orta məktəbində tam orta təhsil alıb. Keçmiş sovet ordusunda həqiqi hərbi xidmətini başa vurduqdan sonra doğulub böyüdüyü Laçın rayonu Fərəcan kəndinə qayıdıb. İlk əmək fəaliyyətinə Laçın rayonu Səfiyan sovetliyində yerləşən sovxozda briqadir vəzifəsindən başlayıb. Lakin erməni silahlı qüvvələrinin ölkəmizə qarşı başladığı elan olunmamış müharibə qeyrətli Vətən övladları kimi onu da əlinə silah götürməyə məcbur edir. 1991-ci ildə müdafiə qrupu yaranıb, Kərəm o qrupa qoşulub və kəşfiyyatçı kimi fəaliyyət göstərib. Onun döyüş yolu Şuşanın Turşsu kəndindən, Laçın və Kəlbəcər rayonlarından keçib.

1992-ci ilin avqustun 3-ü… Laçın rayonu uğrunda gedən “Qızartı” döyüşündə yaralanan qəhrəmanımız səkkiz yaralı ilə birlikdə Bakı hospitalına gətirilib, beynindən əməliyyat olunub. Həkimlərin səylərinə baxmayaraq yarası dərin olduğundan Kərəm Zeynalovun həyatını xilas etmək olmayıb. Kərəm Zeynalov avqustun 7-də Sumqayıtdakı Şəhidlər xiyabanında dəfn olunub.

1990-cı ilin dekabr ayında Kərəm Zeynalov Atlas xanımla ailə qurub və Elmira adlı bir qız övladları dünyaya gəlib.

Natiqlər K.Zeynalovun keçdiyi döyüş yolundan, onun mərd, vətənpərvər kəşfiyyatçı kimi göstərdiyi şücaətdən danışıblar.

Şəhidin həyat yoldaşı Atlas Zeynalova şəhid ailələrinə göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Şəhidin qızı Elmira Zeynalova müxbirimizlə söhbətdə daim atasının adını uca tutaraq onun adına layiq olmağa çalışdığını deyib. O, anasının da zəhmətini yüksək qiymətləndirib: “Mən heç vaxt atasız böyüdüyümü hiss etməmişəm. Atamla daim fəxr edib, qürur duymuşam, atamın adı həmişə yardımçım olub”.

Tədbir iştirakçıları Şəhidlər xiyabanında uyuyan şəhidin qardaşı Salman Əyyub oğlu Zeynalovun da məzarına ziyarət ediblər. Şəhid S.Zeynalov 1994-ci il noyabrın 10-da qəhrəmancasına şəhid olub.

Sonda şəhidin ruhuna ehsan süfrəsi açılıb.