Sudanda toqquşmalarda 170-dən çox adam ölüb

Sudanın Darfur bölgəsində iki qəbilə arasında toqquşmalarda ölənlərin sayı açıqlanıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, aprelin 24-də Kreynik bölgəsində afrikalı və ərəb tayfaları arasında baş verən toqquşmalarda 170-ə yaxın adam ölüb, onlarla insan yaralanıb.

Toqquşmalar nəticəsində minlərlə sakin yaxınlıqdakı şəhərlərə qaçmağa məcbur olub.

BMT mülki şəxslərin öldürülməsini pisləyib və zorakılığın dərhal dayandırılmasını, şəffaf istintaqın aparılmasını tələb edib.

Ölkənin qərbində 5 ştatdan ibarət Darfur bölgəsində hər il yüzlərlə insan ölür, minlərlə insan tayfalararası qarşıdurmalara görə didərgin düşür. Əhalinin əlində çoxlu sayda fərdi silahın olduğu bölgədə tayfalar arasında torpaq, otlaq və su ehtiyatları üstündə qarşıdurmalar baş verir.

Sudandakı qəbilə münaqişələri 2019-cu ilin aprel hərbi çevrilişindən sonra qurulan keçid hökumətinin ölkədə hərtərəfli sülhə nail olması üçün əsas maneələrdən biri olaraq qalır. BMT-nin məlumatına görə, 2003-cü ildə Qərbi Sudanın Darfur bölgəsində hökumət qüvvələri ilə silahlı qruplar arasında başlayan toqquşmalarda 3 milyon insan didərgin düşüb, 300 mindən çox insan həlak olub.

ƏvvəlkiDaxili İşlər Nazirliyinin qarşısında vətəndaş özünü yandırmaq istəyib
NövbətiAprelin 26-da Azərbaycanda COVID-19 əleyhinə 5 min dozadan çox vaksin vurulub