Sudanda etiraz aksiyalarında ölənlərin sayı 23 nəfərə çatıb

Sudanda hərbi çevrilişə qarşı oktyabrın 25-dən bəri davam edən etiraz aksiyalarında ən azı 23 nəfər ölüb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, Sudan həkimləri noyabrın 13-də baş və boyun nahiyəsindən ağır güllə yarası alan daha iki etirazçının öldüyünü açıqlayıb.

Komitənin açıqlamasında bildirilir ki, noyabrın 13-də keçirilən etiraz aksiyasına təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 3-ü azyaşlı olmaqla 7 nəfər həlak olub, daha 215 nəfər yaralanıb.

Sudanda oktyabrın 25-də səhər saatlarında əsgərlər baş nazir Abdullah Hamduk və bir neçə başqa siyasətçini saxlayıblar. Ordu generalı Əbdülfəttah əl-Burhan ölkədə fövqəladə vəziyyət elan edərək, Suveren Şuranın və hökumətin buraxıldığını elan edib. O, əlavə edib ki, Sudanda əhalinin bütün təbəqələrinin iştirakı ilə texnokratik hökumət yaradılacaq.