SQ TTM-də Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 1941-1945-ci illər müharibəsində faşizmə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanmış və Azərbaycan xalqının zəngin tarixi hünər salnaməsinə şanlı səhifələr yazmış Mehdi Hüseynzadənin 100 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

Sovet İttifaqı Qəhrəmanı M.Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, keçirilən tədbirdə Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Təhsil naziri Ceyhun Bayramov, Mədəniyyət naziri Əbülfəs Qarayev, Mehdi Hüseynzadənin ailə üzvləri, Bakı Qarnizonunun hərbi hissələrinin, xüsusi təyinatlı təhsil müəssisələrinin zabit və kursantları, dövlət universitetlərinin professor, müəllim və tələbələri, veteranlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Mehdi Hüseynzadənin həyat və döyüş yoluna, eləcə də xalqımızın ümummilli lideri Heydər Əliyevin əfsanəvi partizan haqqında həqiqətlərin üzə çıxarılmasında, ölümündən 13 il sonra ona Sovet İttifaqı Qəhrəmanı fəxri adının verilməsində, ümumiyyətlə Mehdi Hüseynzadənin xatirəsinin əbədiləşdirilməsində müstəsna xidmətləri barədə qiymətli fotolar və sənədlər təqdim edilib. Qəhrəmanın uşaqlıq və təhsil illərini, Stalinqrad uğrunda döyüşlərdə iştirakını, əsirlikdə Azərbaycan naminə xidmətlərini, eləcə də, Sloveniyanın milli azadlığı uğrunda sadiq bir əsgər kimi iştirakını əks etdirən nadir fotolar böyük maraq doğurub.

Mərasim başlamazdan əvvəl ulu öndər Heydər Əliyevin, İkinci Dünya müharibəsində həlak olan həmvətənlərimizin, Azərbaycanın müstəqilliyi, azadlığı, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğul və qızlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə dövlət himnimiz ifa olunub.

Tədbirdə “Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası prezidentinin 23 iyun 2018-ci il tarixli Sərəncamı bir daha nəzərə çatdırılıb.
Sonra Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, ehtiyatda olan polkovnik Abdulla Qurbaninin senarisi və rejissorluğu ilə hazırlanmış “Mən öz Xəzərimə vurğunam, ey dost!” yubiley tamaşası nümayiş etdirilib. Mehdi Hüseynzadənin bəlli olmayan, son vaxtlar üzə çıxarılmış şeirlərinin istifadə edildiyi tamaşada Əməkdar artistlər Azad Şükürov, Səmayə Sadıxova, Anar Şuşalı, Hüsniyyə Mürvətova, Elxan Rza, gənc aktyorlar və Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı heyəti iştirak ediblər.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Nicat Hüseynzadə Mixaylo rolunu məharətlə ifa edib. Tamaşa boyu sənədli kadrlar nümayiş etdirilib.
Tədbiri izləyənlər ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə Bakı şəhərinin mərkəzində ucaldılmış qəhrəmanın möhtəşəm abidəsi qarşısındakı tarixi nitqini və  Azərbaycan Prezidenti İlham Əliyevin Sloveniya Respublikasına rəsmi səfəri zamanı M.Hüseynzadənin memorial muzeyinin açılışında ictimaiyyət qarşısında nitqini və əfsanəvi qəhrəman haqqında söylədiyi fikirləri əks etdirən sujetləri alqışlarla qarşılayıblar.
Sonda xatirə şəkilləri çəkdirilib.

ƏvvəlkiAtəşkəs rejimi 27 dəfə pozulub
NövbətiCahangir Hacıyevin 4,7 milyard manatlıq cinayət işi üzrə məhkəmənin vaxtı açıqlanıb