SOCAR istiqrazlarında növbəti rekord satış olub

Üç ildən artıqdır tədavüldə olan SOCAR istiqrazlarının təkrar bazardakı satış qiyməti 1 050 ABŞ dollarına yüksəlib və həmin qiymət üzərindən satış əməliyyatı da artıq baş tutub.

“SOCAR Capital” şirkətindən “Report”a verilən məlumata əsasən, istiqrazların belə bahalaşmasına başlıca səbəb yüksək tələbat və likvidlikdir. “Eyni zamanda, rüblük faiz ödənişlərinin qrafikə uyğun aparılması da investorların maraqlarına cavab verən bir digər mühüm faktordur”, – məlumatda qeyd edilib.

Xatırladaq ki, bu göstərici istiqrazların buraxıldığı tarixdən bəri ən yüksək rəqəmdir. Daha öncəki rekord göstərici 1 046 ABŞ dolları təşkil edib.

2021-ci ilədək tədavül müddəti davam edəcək olan SOCAR istiqrazları indiyədək sahiblərinə 16,250 mln. dollar gəlir qazandırıb.

SOCAR istiqrazları ilə təkrar bazarda aparılan əməliyyatların həcmi hazırda 187 mln. ABŞ dollar təşkil edir və 2 100 ədəd əqd bağlanıb.

Ümumi emissiya məbləği 100 mln. ABŞ dolları olan, illik 5% gəlir gətirən və faizləri hər 3 aydan bir ödənilən SOCAR istiqrazlarının 1 və 5 saylı ASAN Xidmət mərkəzlərindən də əldə edilməsi mümkündür.

Bakı Fond Birjasında ən çox ticarət edilən korporativ maliyyə aləti olan SOCAR istiqrazları üzrə növbəti faiz ödənişi aprelin 17-də baş tutacaq.

ƏvvəlkiHeydər Əliyev prospektində avtomobil piyadanı vuraraq öldürdü
NövbətiZaqatalada “Naco” ləqəbli oğrunun başçılıq etdiyi dəstə saxlanılıb