Şagirdlərin ölkədaxili və beynəlxalq layihələrdə iştirakı – 20 nömrəli məktəb-liseydə tədbir

Elm və Təhsil Nazirliyi Şamaxı Astrofizika Rəsədxanasının təşkilatçılığı ilə A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə “Orta ümumtəhsil məktəblərində elm və təhsilin inteqrasiyası, şagirdlərin ölkədaxili və beynəlxalq layihələrdə iştirakı” mövzusunda tədbir keçirilib.

Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, tədbirin məqsədi məktəblilər arasında elmin təbliği, şagirdlərin elmə təşviqi, onların müxtəlif yerli və beynəlxalq layihələrdə iştirakı üçün hazırlanmasında birgə fəaliyyətin təşkilidir.

Tədbiri açan 20 nömrəli məktəb-liseyin direktoru Esmira Ağayeva şagirdlərin elmi istiqamətdə inkişaf etməsində belə görüşlərin rolunu yüksək qiymətləndirib. O vurğulayıb ki, elm və təhsilin inteqrasiyası zamanın tələbidir. Dəyişən dünyanın yeni çağırışlarına uyğun olaraq inkişafı şərtləndirən başlıca amil məhz birgə koordinasiyalı fəaliyyətin qurulmasıdır.

Şamaxı Astrofizika Rəsədxanası ilə 20 nömrəli məktəb-lisey arasındakı əməkdaşlıq çərçivəsində xüsusi hazırlıq keçmiş şagirdlərin müxtəlif layihə və yarışlarda əldə etdiyi nailiyyətləri qeyd edən E.Ağayeva, fundamental elmin bütün sahələri üzrə analoji əməkdaşlıqların qurulmasının elmi tərəqqiyə rəvac verəcəyini bildirib.

Açılış mərasimindən sonra elmi sessiya keçirilib. Elmi sessiyada Şamaxı Astrofizika Rəsədxanası, Biofizika İnstitutu, akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları “Orta təhsil müəssisələrində beynəlxalq və yerli qrant layihələri”, “Təhsil verənlər üçün beynəlxalq təcrübə və bilik mübadiləsi imkanları”, “Astronomiyanın prioritet tədqiqat sahələri, məktəblilər üçün astronomiya”, “Təhsil və ədəbiyyat”, “Sağlam və xərçəng hüceyrə membranları arasındakı fərqlər”, “Qarabağda ərazinin istifadəsində relyefin təsirinin tədqiqi”, “Dünya dillərində müşahidə olunan proseslər” mövzuları üzrə məruzə ilə çıxış ediblər.

Çıxışların yekununda “Gələcəyin alimi” layihəsi üçün maraq dairələrinə uyğun olunaraq məktəblilərdən ibarət bir neçə qrup formalaşdırılıb.

ƏvvəlkiAzərbaycanın xarici işlər naziri Tehranda “3+3” formatının nazirlər səviyyəsində keçirilən birinci görüşündə iştirak edib
NövbətiBaş prokuror Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Baş Prokurorları Şurasının 2-ci iclasında iştirak edib