Səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydasına dəyişiklik edilib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müvafiq qərarı ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”nda dəyişiklik edilib. Qaydaya əsasən, tibb işçilərinin əməkhaqlarına vəzifə (tarif) maaşları, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir. Tibb işçilərinə həvəsləndirici əlavələr vəzifədən və yerinə yetirilən işin xüsusiyyətindən asılı olaraq, aylıq sabit və ya işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr şəklində verilir. Dəyişikliyə əsasən, tibb işçilərinə verilən sabit həvəsləndirici əlavələr üzrə ixtisasların/vəzifələrin sayı artırılıb və yeni redaksiyada təsdiq edilib. Əvvəlki Qaydaya görə 9 ixtisas/vəzifə üzrə həkimlərə aylıq sabit həvəsləndirici əlavə verilirdisə, yeni dəyişikliyə əsasən hazırda bu say artırılaraq 16-ya yüksəlib. Bununla yanaşı, bir sıra ixtisaslar/vəzifələr üzrə sabit həvəsləndirici əlavələrin məbləği tibb müəssisələrinin fəaliyyət göstəricisindən asılı olaraq müəyyənləşdirilib.