Şəhid polkovnik-leytenant Raquf Orucovun 50 illik yubileyi onun ata yurdunda qeyd edilib

Ağdam rayonunun işğaldan azad olunmuş ərazisində “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və “ASAN könüllüləri” təşkilatının birgə təşkilatçılığı və ASAN Radionun informasiya dəstəyi ilə şəhid polkovnik-leytenant, kəşfiyyatçı Raquf Orucovun 50 illik yubileyinə həsr olunan anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, Müdafiə Nazirliyinin əməkdaşları, şəhid ailələrinin üzvləri, Vətən müharibəsinin iştirakçıları, “ASAN könüllüləri”, mərhum kəşfiyyatçının xidməti dövründə komandirlik etdiyi hərbi hissənin şəxsi heyəti və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Şahbulaq qalası ətrafında keçirilən tədbirdə əvvəlcə hərbi orkestrın Dövlət Himnini səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Milli Məclisin deputatı Ceyhun Məmmədov Vətən müharibəsində qazanılan Zəfərin başlanğıcı olan 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin noyabrında düşmən işğalı altında olan torpaqları azad edən qəhrəman Azərbaycan oğullarının igidliklərindən danışıb, bu müqəddəs yolda canını fəda edənlərin ən uca zirvə olan şəhidliyə qovuşduğunu qeyd edib.

Şəhid komandirin döyüş yolu xatırlanıb, onun silahdaşları maraqlı döyüş xatirələrindən söhbət açıblar.

“ASAN könüllüləri” təşkilatı kəşfiyyatçı zabitin xidmət etdiyi hərbi hissənin şəxsi heyəti arasında “Əsgərə məktub” layihəsini həyata keçirib, eyni zamanda onunla birgə xidmət keçmiş zabitlərlə Asan könüllü gənclərin görüşü təşkil olunub.

Çıxış edənlər şəhid komandirin döyüş yolunun hər bir əsgər və zabit üçün örnək olduğunu qeyd edib və Aprel döyüşü qəhrəmanının yubiley tədbirinin onun ana yurdu olan işğaldan azad olunmuş Ağdamda keçirilməsi komandirin əziz xatirəsinə ən böyük ehtiram olduğu vurğulanıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Həmkarlar komitəsinin sədri Rəşad Səfərov əsgərlər, şəhid ailələri və qazilərə göstərilən qayğı və diqqətin daim yüksək səviyyədə olduğunu bildirib.

Tədbirdə şəhid komandir Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova çıxış edərək Raquf Orucovun ən böyük arzusunun Vətən torpağını işğaldan azad görmək olduğunu deyib: “Bu gün həm Ağdamı ziyarət edirik, həm də onun komandiri olduğu hərbi hissənin yaranma gününü qeyd olunması qəlbimizdə iftixar hissi oyadır”.

Qurban bayramı münasibəti ilə əsgərlərə bayram sovqatı çatdırılıb.