Rövşən Nəcəf: “Dostluq” yatağı faydalı əməkdaşlıq üçün yeni imkanlar açır”

“Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu Azərbaycan və Türkmənistan üçün neft-qaz sektorunda faydalı əməkdaşlıq üçün yeni imkanlar açır”.

“Report”un Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi məlumata görə, bunu şirkətin prezidenti Rövşən Nəcəf rəhbərlik etdiyi nümayəndə heyətinin 27-ci “Türkmənistanın nefti və qazı – 2022” beynəlxalq sərgi və konfransında iştirak etmək məqsədilə Türkmənistanın paytaxtı Aşqabada səfəri zamanı bildirib.

Məlumata görə, sərgi-konfransın “Enerjinin gələcəyi – yeni çağırışlar və imkanlar” mövzusunda keçirilən plenar sessiyasında çıxış edən R.Nəcəf iki ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafına zəmin yaradan mövcud müqavilə-hüquq bazasından bəhs edib, Cənub Qaz Dəhlizinin ölkəmizlə yanaşı, region ölkələri üçün də böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Bu günə qədər Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə 32 milyon ton Türkmənistan neftinin dünya bazarlarına çıxarıldığını qeyd edən SOCAR prezidenti şirkətin neft-qaz sektorundakı çoxşaxəli fəaliyyəti, Xəzər hövzəsində malik olduğu imkanlar və uzunmüddətli strateji hədəfləri barədə də danışıb.