Qarabağ Dirçəliş Fondunun xalis mənfəəti 61 % azalıb

Qarabağ Dirçəliş Fondu 2022-ci ili 342,816 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 61,3 % azdır.

Ötən il Qarabağ Dirçəliş Fondu ianələrdən gəlirləri 314,52 milyon manat (əvvəlki ilə nisbətən 65,26 % az), maliyyə gəlirləri 34,454 milyon manat (3,75 dəfə çox), ümumi, inzibati və sair əməliyyat xərcləri 2,737 milyon manat (5,1 dəfə çox), dəyərsizləşmədən gəlirləri 3,634 milyon manat (əvvəlki il zərər olub), maliyyə xərcləri 258 min manat (42,5 % az), mənfəət vergisi ödəmələri isə 6,796 milyon manat (3,9 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə Qarabağ Dirçəliş Fondunun aktivləri 1 238,124 milyon manat olub ki, bu da illik müqayisədə 39,05 % çoxdur. Hesabat dövründə Fondun öhdəlikləri 5,4 dəfə artaraq 5,965 milyon manata, balans kapitalı isə 38,55 % artaraq 1 232,159 milyon manata çatıb.

Xatırladaq ki, Qarabağ Dirçəliş Fondu Prezident İlham Əliyevin 4 yanvar 2021-ci il fərmanı əsasında yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Fond işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə ölkə daxilində və xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

ƏvvəlkiBakıda Avropa Ravvinlərinin Konfransı keçiriləcək
NövbətiAzərbaycan Ombudsmanı Vaqif Xaçaturyana baş çəkib